İQTİSADİYYAT


Con Batçelor Şou: Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir

Bakı, 2 noyabr, AZƏRTAC

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” radioproqramının aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti veriliş Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa üzrə Tədqiqatlar Mərkəzinin əməkdaşı, amerikalı professor Branden Çafferin İtaliya və bütövlükdə Avropa İttifaqının Avropanın enerji təhlükəsizliyinə töhfəsi olacaq “Cənubi Qaz Dəhlizi” layihəsini dəstəkləməsi barədə müsahibəsinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Con Batçelor Azərbaycan təbii qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi barədə qısa məlumat verir və bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi baxımından vacibliyini bildirir.

İtaliya hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməsi ilə bağlı suala cavab verən professor Brendon Çaffer bildirib ki, beş il əvvəl İtaliya hökuməti və bir çox İtaliya şirkətləri “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olam TAP ilə partnyorluq etmək barədə qərar qəbul ediblər. Bu, İtaliya hökumətinin qələbəsi hesab edilirdi. Bu, ölkənin qaza olan tələbatının tam ödənilməsi, təbii qazın qiymətinin aşağı düşməsi, enerji təhlükəsizliyinin artırılması və asılılığın azalmasına gətirib çıxaracaq qərar kimi qəbul olunurdu. Professor bu layihənin İtaliya və bütün Avropa İttifaqı üçün faydalı olduğunu vurğulayır. O bildirir ki, İtaliyada bu boru kəmərinin çəkilməsi ilə bağlı bəzi narazılıqlara baxmayaraq, hökumətin layihəni dəstəkləyəcəyinə dair qərarı təqdirəlayiqdir.

Trans-Adriatik kəmərinin Albaniya ərazisindən keçərək İtaliyaya gedəcək hissəsinin tikintisi ilə bağlı suala cavabında professor deyib ki, bu layihə həm BP, həm SOCAR, həm də bir çox xarici sərmayəçi şirkətlər tərəfindən maliyyələşdirilir. O, layihənin üçdəiki hissəsinin artıq tam hazır olduğunu bildirir. Qeyd edir ki, Avropanın ən əhəmiyyətli qaz bazarlarından biri olan İtaliya kimi ölkənin ərazisində bu kəmərin tikintisi barədə qərar layihənin uğurla sona çatması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.