CƏMİYYƏT


“Copernicus” proqramı: iyun ayı Şimali Amerikada iqlim müşahidələrinin tarixində ən isti ay olub

Bakı, 10 iyul, AZƏRTAC

Uzunmüddətli iqlim dəyişikliklərini müşahidə edən Avropa “Copernicus” proqramının məlumatlarına görə, cari ilin iyun ayı Şimali Amerika ərazisində iqlim müşahidələrinin tarixində ən isti ay olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təkcə Kanadada ekstremal hava şəraiti ən azı yüzlərlə insanın həlak olmasına səbəb olub. Qurbanların daha dəqiq sayını yalnız bir müddət keçdikdən sonra hesablamaq mümkün olacaq.

2003-cü ilin yayında Avropada ekstremal istidən, təxminən, 70 min insanın həlak olması yalnız beş il sonra məlum oldu. İlkin qiymətləndirmələrə görə onların sayı daha az, təxminən 30 min nəfər idi.

Ekspertlərin yekdil rəyinə görə, 2021-ci ilin görünməmiş isti yayının əsas səbəblərindən biri qlobal istiləşmə, yəni istixana effekti nəticəsində atmosferin qızması oldu.

"Şübhəsiz ki, burada əsas rolu iqlim dəyişiklikləri oynayıb", - deyə Oksford Universitetinin ətraf mühit dəyişiklikləri İnstitutunun professoru Frederike Otto mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istilik qasırğa və ya sunami kimi digər təbii kataklizmlər kimi hiss olunacaq şəkildə öldürmür, lakin çox vaxt heç də onlardan az effektiv deyil.

İstidən ölümləri iqlim dəyişiklikləri ilə birbaşa əlaqələndirməyə və fəlakətin miqyasını qiymətləndirməyə imkan verən bir sıra tədqiqatlar var. Son qiymətləndirmələrə görə, əgər qlobal istiləşmə olmasa idi, ekstremal isti hava qurbanları təxminən bir yarım dəfə daha az olardı.

May ayının sonunda “Nature” jurnalında yüksək temperaturların dünyanın müxtəlif bölgələrində hər hansı səbəbdən ölüm səviyyəsinə təsirinə dair məqalə dərc edilib. Genişmiqyaslı tədqiqatın müəllifləri - 43 ölkədən 70 iqlimşünas və epidemioloq belə nəticəyə gəliblər ki, insan üzündən baş verən qlobal istiləşmə ümumi istilikdən həlak olanların 37 faizinə səbəbdir. Kolumbiya və Ekvador kimi bəzi ölkələrdə isə bu pay hətta dörddə üçü keçir.

Ümumdünya Səhiyyə Təşkilatına görə 1998-ci ildən 2017-ci ilədək dünyada istidən 160 mindən çox insanın ölüb. Bunu nəzərə alaraq, demək olar ki, artan iqlim dəyişiklikləri olmasaydı on minlərlə insan həyatını itirməzdi.

Digər tədqiqatlar daha böyük rəqəmlərdən bəhs edir. Məsələn, “Lancet”in hesabatında deyilir ki, təxminən eyni dövrdə təkcə böyük yaş qrupunda (65 yaşdan yuxarı) ekstremal isti 300 min insanın həyatına son qoyub. İqlim dəyişikliklərinin səbəb olduğu bütün temperatur kataklizmləri nəzərə alınmaqla, bəzi təxminlərə görə hər il 5 milyondan çox insan onların qurbanı olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.