DÜNYA
Corc Buş Hillari Klintona səs verə bilər
Vaşinqton, 20 sentyabr, AZƏRTAC
ABŞ-ın sabiq prezidenti Corc (Herbert Uoker) Buş prezident seçkilərində Hillari Klintona səs verə bilər.
Bu fikri Merilend ştatının sabiq vitse-qubernatoru və 1968-ci ildə sui-qəsd nəticəsində öldürülmüş sabiq ədliyyə naziri Robert Kennedinin qızı Ketlin Harlinqton Kennedi-Tausend səsləndirib. O, bu məlumatı Men ştatında keçirilən tədbirdə Corc Buşdan (ata) öyrənib.
Doxsan iki yaşlı Corc Buş indiyədək Hillari Klinton və Donald Trampın seçki kampaniyaları ilə bağlı fikir səsləndirməyib. O, həyat yoldaşı Barbara Buşla cəmi bir dəfə bu ilin əvvəlində övladları Ceb Buşun seçkiqabağı kampaniyasında seçicilərlə görüşlərin birində iştirak edib. Onun nümayəndəsi Cim Makqrat səsvermə ilə bağlı bildirib ki, Corc Buş (ata) 50 gündən sonra seçkilərdə səs verəcək və sabiq prezident bu barədə heç bir bəyanat verməyəcək.
Respublikaçı Corc Buşun administrasiyasında vaxtilə çalışmış vəzifəli şəxslər, o cümlədən sabiq milli təhlükəsizlik müşaviri Brent Skoukroft və sabiq iqtisadiyyat naziri Karlos Qutierres bildiriblər ki, onlar Demokratlar Partiyasının namizədi Hillari Klintona səs verəcəklər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton