SİYASƏT
Corctaun Universiteti ilə Azərbaycan arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev martın 25-28-də Qətər Dövlətinə işgüzar səfər edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Fariz Rzayev səfər zamanı Qətərdə keçirilən 20-ci Doha Forumunda iştirak edib və tədbirdə çıxış edib. Çıxışı zamanı nazir müavini 44 günlük Vətən müharibəsinin nəticələri, postmünaqişə dövründə Azərbaycanın konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib.
Qətərə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub.
Fariz Rzayev, həmçinin Qətərdəki Corctaun Universitetinin Doha filialını ziyarət edib. Universitetin beynəlxalq və regional araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşüb. Görüşdə Corctaun Universiteti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.