DÜNYA


Cozef Bayden: İyulun sonunadək 300 milyon amerikalı peyvənd olunacaq

Bakı, 12 fevral, AZƏRTAC

Birləşmiş Ştatlarda iyul ayının sonlarına qədər 300 milyon amerikalını peyvənd etmək üçün yetərincə vaksin ehtiyatı olacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Merilend ştatındakı milli səhiyyə institutlarında çıxış edərkən deyib.

“İyul ayının sonlarınadək 300 milyon amerikalını peyvənd etmək üçün kifayət qədər vaksin ehtiyatı yaratmaq üzrəyik. Bu, bizə lazım olan sürətli irəliləyiş kimi səslənməyə bilər. Amma gəlin aydınlaşdıraq: Mən ABŞ Prezidenti postuna gələndə, ölkədə pandemiya ilə mübarizə planı ümumiyyətlə yox idi”, - deyə Cozef Bayden bildirib. O, həmçinin qeyd edib ki, hazırkı prezident administrasiyası amerikalı vaksin istehsalçıları “Pfizer” və “Moderna” kompaniyalarının hər birindən 100 milyon vaksin dozasının alınması üzrə müqavilələr imzalayıb.

“Biz bütün amerikalıları peyvənd etmək üçün kifayət qədər peyvənd tədarükü görmüşük. Hazırda insanların bu vaksini əldə etmələri üzərində çalışırıq”, - deyə dövlət başçısı qeyd edib.

Beləliklə, söhbət 600 milyon vaksin dozasından gedir. ABŞ preparatları ilə vaksinasiya iki mərhələdə aparılır. Milli institutlar hər bir istehsalçının iyulun sonlarınadək 300 milyon vaksin dozası çatdıracağını bildirib. 2019-cu ilə olan məlumata əsasən, ABŞ əhalisinin sayı 328,2 milyon nəfər təşkil edir.

İndiyə qədər dünyada 159,3 milyon nəfər koronavirusa qarşı peyvənd edilib ki, bu da planet əhalisinin təxminən 2 faizinə bərabərdir. Ən çox peyvəndləmə ABŞ-da aparılıb - 48 milyondan çox (əhalinin 14 faizi). İkinci yerdə Çin (40 milyondan çox), üçüncü yerdə isə Böyük Britaniya (14 milyondan çox) qərarlaşıb. Dünya üzrə vaksinasiyanın 65 faizi bu üç ölkənin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.