DÜNYA
Cozef Bayden və Vladimir Putin arasında sammit başa çatıb
Cenevrə, 16 iyun, AZƏRTAC
Cenevrədə “Villa la Grange“ malikanəsində ABŞ Prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında ilk sammit başa çatıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları ilk olaraq məhdud çərçivədə yalnız xarici işlər nazirlərinin iştirakı ilə görüşüblər. Görüşün məzmunu barədə tərəflər mətbuata açıqlama verməyiblər, lakin görüşün nəzərdə tutulduğu müddətdən artıq çəkməsi media təmsilçilərinin diqqətindən qaçmayıb.
Qeyd edək ki, Cenevrə sammiti 2018-ci ilin iyul ayında Vladimir Putin və Donald Tramp arasında baş tutan Helsinki sammitindən sonra ABŞ və Rusiya dövlət başçılarının ilk görüşüdür və tərəflər arasında müzakirəyə çıxarılan mövzuların spektri geniş olub.
Prezidentlərin geniş tərkibdə görüşü isə üç saatdan artıq çəkib. Strateji sabitlik, COVID-19 infeksiyası ilə mübarizə, həmçinin Yaxın Şərq, Ukrayna və Qarabağda vəziyyət daxil olmaqla regional problemlər, qarşılıqlı olaraq səfirliklərin fəaliyyətinin tam şəkildə bərpası və səfirlərin xidmət yerlərinə geri dönməsi gündəlikdə duran mövzular arasında yer alıb. Tərəflər görüşdə ikitərəfli münasibətlərdə həll olunmamış məsələlər, informasiya təhlükəsizliyi və kibercinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.
Sammitdən sonra dövlət başçıları ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə