DÜNYA
Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi prezidentliyi dövrünün ən aşağı səviyyəsinə enib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Quinnipiac Universitetinin apardığı sorğunun nəticələrində yer alır.
Sorğunun nəticələrinə əsasən, amerikalıların 53 faizi Cozef Baydenin fəaliyyətini mənfi, 38 faizi müsbət qiymətləndirir. Bundan öncə keçirilən sorğuda isə bu göstərici müvafiq olaraq 50 faiz və 42 faiz idi. Beləliklə, ABŞ Prezidentinin populyarlığının azalması tendensiyası davam edir.
Baydenin fəaliyyətinin qiymətləndirilməsi siyasi baxışlardan çox asılıdır. Belə ki, respublikaçıların 94 faizi dövlət başçısının işini mənfi qiymətləndirdiyi halda, demokratların arasında bu göstərici cəmi 10 faizdir. Lakin özünü heç bir partiyaya aid etməyən amerikalılar arasında ABŞ Prezidentinin dəstək reytinqi ölkə üzrə orta göstəricidən daha aşağıdır. Bitərəflərin 60 faizi Ağ ev sahibinin fəaliyyətini mənfi, yalnız 32 faizi müsbət dəyərləndirir.
Oktyabrın 1-dən 4-dək keçirilən sorğuda bütün ölkə üzrə 1326 amerikalı iştirak edib.