MƏDƏNİYYƏT
“Creative Business Cup” startap proqramının ölkə finalçıları məlumdur
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan-Fransız Universitetində (UFAZ) yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019 startap proqramının ölkə finalı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə gerçəkləşib.
Qeyd edək ki, proqramın açılışı cari il fevralın 21-də təşkil edilib. Proqramda yaradıcı sənayelər sahəsini əhatə edən startaplar iştirak edə bilərdi. Proqrama 168 ideya müraciəti arasından 19 startap seçilib və CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzrə keçirilən ikigünlük intensiv kampda iştirak ediblər. Sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarından keçib. Burada ekspertlər tərəfindən “Creative Business Cup”ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək layihələrin ilkin işlək versiyası ilə ölkə finalına qatılıblar.
Final tədbirində komandalar münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar ediblər. Sonda 1-ci yerə “BrailleTeach” layihəsi (görmə məhdudiyyəti olan uşaqlara əlifbanın öyrədilməsi üçün cihaz), 2-ci yerə “Climasel” layihəsi (memarlıqda istifadə etmək üçün evlərdə hərarəti stabil saxlamağa yönəlmiş material) və 3-cü yerə isə “İmaginary” layihəsi (filmin kadrı əsasında film adını, treylerini və digər məlumatları tapmaq üçün tətbiq) layiq görülüb.
Digər təqdimatlar arasında böyük sahələri rəngləyən robot, uşaqlar üçün əyləncə videoları layihəsi, milli komiks layihəsi, onlayn futbol meneceri və s. vardı.
Qeyd edək ki, “Creative Business Cup” 70 ölkədə keçirilir. Hər bir ölkənin qalib startap komandası dünya finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Startapımız dünya finalında 70-dən çox ölkədən min nəfərlik bir proqramda ölkəmizin uğuru üçün yarışacaq. Dünya finalı iyun və iyul aylarında, Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.