MƏDƏNİYYƏT


“Creative Business Cup”un Azərbaycan üzrə Milli mərhələsinə layihə qəbulu və seçimi başa çatıb

Bakı, 8 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı-“Creative Business Cup (CBC)”un Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə layihə qəbulu başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciət müddətində müsabiqəyə 168 onlayn qeydiyyat içərisindən 49 tam müraciətlə startap layihələri təqdim edilib. Martın 16-dək layihələrin dəyərləndirilməsi aparılıb və 19 layihə proqrama qəbul olunub.

Martın 23-24-də seçilmiş komandaların iştirakı ilə tam günlük təlim (2-günlük intensiv təlim kampı (Bootcamp) təşkil edilib. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrəniblər. Martın 24-dən başlayaraq intensiv pre-akselerasiya proqramı üzrə təlimlər keçirilir. Aprelin 10-dək davam edəcək təlimlərdə komandalar ekspertlər tərəfindən “Creative Business Cup”un müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki olaraq işləyir, layihələrinin ilkin işlək versiyasını tərtib edərək ölkə finalına hazırlaşacaqlar.

Aprelin 17-də isə "Creative Business Cup" beynəlxalq müsabiqəsinin milli mərhələsi üzrə seçilmiş startapların milli finalının keçirilməsi nəzərdə tutulur. İştirakçılar xarici ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə, 70-ə yaxın ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası Danimarkanın Kopenhagen şəhərində keçiriləcək dünya finalına vəsiqə qazanacaq.

Qeyd edək ki, iyunun 29-30-da Danimarkanın Kopenhagen şəhərində dünya finalistləri üçün kamp, iyulun 1-2-də dünya finalı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.