İDMAN


Cüdo, güləş və boks üzrə dünya çempionatlarında medal qazanan idmançılarla görüş keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyində (GİN) cüdo, güləş və boks üzrə dünya çempionatlarında medal qazanan Azərbaycan milli komandalarının üzvləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev federasiyaların rəsmiləri, yığmanın məşqçiləri və idmançılar iştirak ediblər.

Görüşdə F.Mənsurov idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib. Güləşçilərimizin Parisdə 2 qızıl və 1 bürünc medal qazandıqlarını vurğulayan şöbə müdiri deyib: “Hacı Əliyevi üçqat dünya çempionu olması münasibətilə xüsusilə təbrik edirəm. Hamburqda təşkil edilən boks üzrə dünya çempionatında Məhəmmədrəsul Məcidov da üçqat dünya çempionu adını qazandı. Cüdoçularımızın bu dəfə gümüş və bürünc medallar əldə etdilər. Üçqat dünya çempionu tituluna sahib olan sərbəst güləşçimiz Hacı Əliyev və boksçu Məhəmmədrəsul Məcidova dövlətimizin başçısının Sərəncamına əsasən, Prezident təqaüdü ilə təltif olunublar. İdmançılarımızın uğurlarının davam edəcəyinə inanıram”.

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Ağacan Abıyev idmançılarımızın davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiklərini qeyd edib. Nailiyyətlərin ildən-ilə artdığını qeyd edən A.Abıyev qeyd edib ki, ilk dəfədir Azərbaycan idmançısı boks üzrə üçqat dünya çempionu adını qazanıb.

ABF-nin baş katibi Nağı Səfərov Məhəmmədrəsul Məcidovun rekorda imza atdığını vurğulayaraq bildirib: “Hamburqdakı yarışa qədər dörd ölkədə üçqat dünya çempionu vardı. Kuba, Bolqarıstan, Rumıniya və Çindən sonra Azərbaycan boksçusu da üçqat dünya çempionu adına sahib oldu”.

Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov, cüdo yığmasının məşqçisi Mehman Əzizov çıxışlarında idmançılarımızın mötəbər beynəlxalq yarışlarda uğurla çıxış etmələri üçün məşqçilərin üzərinə düşən məsuliyyətdən və bu işdə səylə çalışmalarından danışıblar.

Sonda idmançılar və federasiya rəhbərləri jurnalistlərin suallarını cavablandırıblar.

Xatırladaq ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş cüdo üzrə dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar.

Almaniyanın Hamburq şəhərindəki dünya çempionatında Azərbaycanın iki boksçusu fəxri kürsüyə yüksəlib. Məhəmmədrəsul Məcidov (91 kq) qızıl medal qazanaraq üçqat dünya çempionu adına sahib olub. Kamran Şahsuvarlı (75 kq) isə çempionatı bürünc medalla başa vurub.

Parisdə təşkil olunan güləş üzrə mundialda isə Hacı Əliyev (61 kq) qızıl medala sahib olaraq üçqat dünya çempionu adını rəsmiləşdirib. O, Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionudur. Aslanbek Alborov (97 kq) yarışı bürünc medalla başa vurub. Daha bir bürünc medalı isə ölkəmizin aktivinə yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.