İDMAN


Cüdo üzrə mütləq çəki dərəcələrində limit tətbiq oluna bilər

Cüdo üzrə mütləq çəki dərəcələrində limit tətbiq oluna bilər

Bakı, 3 dekabr, Leyla Qurbanova, AZƏRTAC

Gələn ildən etibarən Avropa Cüdo Birliyinin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyətə başlayacağam. Birliyin Tibb komissiyasında ilk azərbaycanlı həkim kimi üzərimə düşən məsuliyyət böyükdür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində bu günlərdə Avropa Cüdo Birliyinin Tibb komissiyasının üzvü seçilmiş cüdo üzrə yığma komandalarının baş həkimi Ramil Vəliyev deyib.

Qeyd edib ki, Tibb komissiyasının üzvləri Avropa birincilikləri, kubok, çempionatlar və digər turnirlərdə həkim komissar kimi fəaliyyət göstərirlər. Əsas məqsədlərdən biri, Avropa Cüdo Birliyinin təşkil etdiyi yarışlarda baş verən zədələr barədə statistika, eyni zamanda üzv ölkələrin də rastlaşdığı zədələrlə bağlı məlumatların araşdırılmasıdır. İstanbulda Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb komissiyalarının birgə təşkilatçılığı keçirilən seminarda da bununla bağlı müzakirə aparılıb.

Mütləq çəkidə uyğunsuzluq travma riski yaradır

“Cüdo üzrə zədələnmə ehtimalının çox olduğu fəndlərin qadağan olunmuş siyahıya salınması ilə bağlı işlər davam etdirilir. Məsələn, boynu üstə yerə toxunduqda kəllə beyin travması alma riski yaranır. Son yığıncaqda ağır çəkili idmançıların kateqoriyaya bölünməsi ilə bağlı müzakirələr aparıldı. Təkliflərə görə kişilərdə 100, qadınlarda isə 78 kiloqramdan yuxarı çəki dərəcələrində limitin tətbiq edilməsi təklif olundu”, - deyə o əlavə edib.

Baş həkim bildirib ki, ən ağır çəkilərdə limitin olmaması idmançıların zədələnməsi ehtimalını artırır: “100 kiloqramdan yuxarı çəkili idmançıların qarşılaşması zamanı 105 kiloqram çəki dərəcəsində cüdoçu ilə çəkisi 180-190 kiloqram olan idmançı görüşə bilər və bu zaman zədə riski yaranır. Buna görə də, müəyyən çəki limitlərinin yaradılması təklif edilir. Məsələn, güləş idman növündə limit 130 kiloqram çəki dərəcəsi müəyyən edilib. Digər idman növlərində də bununla qarşılaşırıq”.

Bu il yuxarı ətraflarda zədə halları çoxalıb

R.Vəliyev cüdonun ən zədəsiz idman növlərindən biri olduğunu da diqqətə çatdırıb: “Avropada döyüş növləri arasında cüdo zədələnmələrə görə ən aşağı statistik göstəricilərə malikdir. Ümumi statistikaya görə, bu, 2-2,5 faiz təşkil edir. Başqa idman növlərində bu göstərici daha çoxdur. Düzdür, cüdoda da ciddi zədələr olur. Azərbaycan Cüdo Federasiyasında da zədələnmələrin illik hesabatı aparılır. Bu göstərici ölkəmizdə 1,5-1,8 faizdir. Şübhəsiz, zədələrin yarış vaxtı, yaxud digər vəziyyətlərdə baş verməsi ilə bağlı statistikalar və araşdırmalar da aparırıq”.

“Əsas diz, topuq zədələri çoxluq təşkil edirdisə, bu il daha çox yuxarı ətrafların zədələnməsini müşahidə edirik. Çiyin qurşağı, dirsək oynağı zədələrinin sayının artması müşahidə edilir. Bu, bəzi qaydalarda dəyişikliklə bağlıdır. Buna görə çiyin qurşağından tətbiq olunan fəndlərin bəzilərinin qadağan edilməsi ilə bağlı işlər davam etdirilir”, - deyə baş həkim əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.