REGİONLAR


Culfa Rayon Mərkəzi Stadionu təmir olunaraq idmançıların ixtiyarına verilib

Culfa, 2 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Culfa Rayon Mərkəzi Stadionu yenidən qurularaq gənclərin istifadəsinə verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, stadionun açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində idmanın maddi-texniki bazasının yüksək səviyyədə möhkəmləndirildiyini, 2 olimpiya-idman kompleksinin, 2 üzgüçülük, 1 şahmat və 1 atıcılıq mərkəzlərinin, 1 peyntbol meydançasının, rayon mərkəzlərində şahmat, uşaq-gənclər idman məktəblərinin, yeni tikilən tam orta məktəblərdə müasir idman zallarının yaradıldığını, olimpiya ağırlıqqaldırma qurğuları və 860 sadətipli idman avadanlıqlarının istifadəyə verildiyini bildirib. Eyni zamanda, muxtar respublikada 27 süni örtüklü, oturacaqlarının sayı 200-1500 arası olan 13, oturacaqlarının sayı 1500-dən çox olan 3 meydança yaradılıb. Bu gün muxtar respublikada, ümumilikdə, 5242 uşaq, yeniyetmə və gənc futbol idman növü ilə məşğul olur. Bütün bunlar muxtar respublikada idmana göstərilən böyük qayğının bariz nümunəsidir.

Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın rayon və kəndlərində uşaq və yeniyetmələrin futbol idman növünə olan marağının daha da artırılması məqsədilə Şərur rayonunda 5, Kəngərli rayonunda 1, Culfa rayonunda 2 olmaqla, ümumilikdə, 8 stadion əsaslı təmir olunaraq istifadəyə verilib. Muxtar respublikada idmanın maddi-texniki bazasının ən müasir səviyyədə möhkəmləndirilməsi doğma diyarımızda idmanın inkişafı, uşaq və gənclərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev qeyd edib ki, muxtar respublikanın şəhər və rayonlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan idman kompleksləri, stadionlar, idman zalları istifadəyə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması, nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması muxtar respublikanı idman məkanı kimi tanıdıb. Naxçıvanda idmanın kütləviliyinin təmin olunmasına da xüsusi diqqət yetirilir. Bu sahədə qazanılan uğurlar sağlam gənc nəslin yetişməsi ilə nəticələnib. Şübhəsiz ki, bütün bu nailiyyətlərin əsasında muxtar respublikada uğurla həyata keçirilən idman siyasəti dayanır.

Federasiyanın sədri diqqətə çatdırıb ki, Naxçıvanda futbol idman növü xüsusi maraq kəsb edir. Muxtar respublikanın kəndlərində idmanın, xüsusilə futbolun inkişafı üçün əlverişli şəraitin yaradılması, eyni zamanda yeni stadionların istifadəyə verilməsi gənclərin bu idman növünə marağını daha da artırır. Bu gün diyarımızda gənclərin bu sahəyə cəlbi və onların asudə vaxtlarının səmərəli təşkili üçün hər bir şərait yaradılıb. Hazırda şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də idmanın inkişafı üçün mühüm addımlar atılır. Bu gün Culfa Rayon Mərkəzi Stadionunun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi muxtar respublikada idmanın inkişafına növbəti töhfədir. Səbuhi Şahverdiyev bu münasibətlə tədbir iştirakçılarını və culfalı idmançıları təbrik edib.

Mərkəzi stadionun açılışında gənclər adından çıxış edən Səxavət Hüseynov yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, qazanacaqları uğurlarla Naxçıvanın idman ənənələrini layiqincə davam etdirəcəklərinə söz verib.

Çıxışlardan sonra “Əlincə” və “Batabat” komandaları arasında futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının növbəti turunun oyunu keçirilib. Görüş “Əlincə” komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Culfa Rayon Mərkəzi Stadionu müasir standartlara uyğun təmir olunub, ətrafdakı çəpərlər boyanıb, bordürlər yenilənib, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşları döşənib. Uzunluğu 100 metr, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılıb. Burada, həmçinin voleybol və basketbol meydançası, ehtiyat oyunçular üçün kabinələr də inşa edilib. Ərazidə sadə idman qurğuları quraşdırılıb, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınıb, suvarma sistemi yenidən bərpa olunub və su nasosları yeniləri ilə əvəzlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.