REGİONLAR
Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 63 cərrahiyyə əməliyyatı aparılıb
Culfa, 18 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü bu səhiyyə müəssisəsində 63 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həkim cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, İlhamə Əsgərova, Zeynəb Məmmədova, anestezioloqlar Ənvər Şıxəliyev, Aidə Məmmədova, Aidə Nəcəfova və orta tibb işçiləri ambulator müayinələr zamanı 107 xəstəyə tövsiyələrini veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb.
Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı həyata keçirilib. Culfa rayonundakı Yaycı kənd sakini Sadıq Cəfərov üzərində aparılan bu əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evə buraxılıb.
Ləkətağ kəndindən birinci qrup əlil Məmmədəli Məmmədov övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib. O, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə dövlət qayğısı kimi dəyərləndirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqlarla işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin aparılması, infeksiyaların təyini, aparatların işləmə prinsipi yerli həkim və tibb işçilərinə izah edilib.