REGİONLAR
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 75 eksponat təqdim olunub
Culfa, 23 fevral, AZƏRTAC
Culfa rayonunun Ərəfsə kənd sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, toxuculuq məmulatı, mis və saxsı qablar, səhəng, cəhrə, kəlağayı, dibək, dəyirman və xırmanda işlədilən təsərrüfat alətləri, çıraq, dəmir dəbilqə və digər nümunələrdən ibarət 75 eksponat Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova nazirliyin tabeliyində 29 muzey və muzeytipli müəssisənin fəaliyyət göstərdiyini bildirib. Nazir qeyd edib ki, bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunəsi mühafizə olunur. Keçən il muxtar respublikanın muzeylərini 445 min 747 nəfər ziyarət edib ki, bunların arasında həm yerli əhali, həm də Azərbaycanın digər regionlarından muxtar respublikaya gələn qonaqlar, o cümlədən 110 mindən çox xarici vətəndaş olub.
“Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər”, – deyən Natəvan Qədimova vurğulayıb ki, keçən il muzeylərimizə 1340 eksponat daxil olub. Bu eksponatlar nazirliyə və muzeylərə könüllü olaraq təqdim edilib və muzeylərdə 11 təqdimat keçirilib. Təqdimat mərasimləri içərisində, həmçinin AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna da qədim kitablar verilib.
Muzeyə eksponat hədiyyə edənlərdən Aqil Qələndərov və Sona Əsgərova çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi xalqımıza məxsus olan mədəni sərvətimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov və rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıqlarını bildiriblər.
Sonda muzeyin ekspozisiyasına baxış olub. Tədbir iştirakçılarına məlumat verilib ki, hazırda muzeydə 2 minədək eksponat qorunub saxlanılır. Onlardan 700-ə yaxını ekspozisiyada nümayiş etdirilir.