REGİONLAR
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən eksponatlar təqdim olunub
Culfa, 17 may, AZƏRTAC
Culfa rayonunun sakinləri tərəfindən qədim mədəniyyətimizi və tariximizi özündə təcəssüm etdirən məişət əşyaları – küplər, yun darağı, tütək, dəmir və mis qablar, saxsı borular, qazan, çölmək, xalça, kilim, cəhrə və digər nümunələrdən ibarət 40 eksponat rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bu gün qədim diyarımızın sakinləri tərəfindən tariximizlə bağlı müxtəlif əşyaların muzeylərə təqdim edilməsinin ənənə halını aldığını bildirib. Eksponatların təqdim edilməsi nəticəsində muzeylərimiz zənginləşir, həm də bu günə qədər gəlib çıxmış qədim əşyalar qorunur.
Nazir vurğulayıb ki, zəngin mədəni irsimizin qorunması və təbliği istiqamətində görülən işlər ardıcıl olaraq həyata keçiriləcək. Bu məqsədlə muzeylərimizin zənginləşdirilməsi, maddi-mədəniyyət nümunələrinin toplanması işi daim diqqətdə saxlanılır. Bu işdə yaxından iştirak edən sakinlərin təşəbbüsü də təqdirəlayiqdir. Məhz ötən il vətəndaşlarımızın yaxından iştirakı ilə muzeylərimizə 1500-ə yaxın eksponat daxil olub. Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə daxil olan eksponatlarla birlikdə bu il 472 eksponat muzeylərə təhvil verilib. Bu eksponatlar tariximizi və mədəniyyətimizi sevən, əsl vətəndaşlıq mövqeyini göstərən insanlarımızın səyi nəticəsində toplanılıb və könüllü şəkildə muzeylərə təqdim olunub.
Sonra eksponatları muzeyə hədiyyə edən Culfa şəhər sakini Nailə Nuriyeva, rayonun Boyəhməd kənd sakini Yadulla Novruzov, Əlincə kənd sakinləri Şahin Quliyev, Sara Vəliyeva, Milax kənd sakini Elman Hacıyev, Qızılca kənd sakini Əzizə Məmmədova, Xanəgah kənd sakini Nəcəf Nəcəfov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində görülən tədbirlər hər kəsi sevindirir. Muzeylərimizə qayğı, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən işlər minnətdarlıqla qarşılanır. Vətəndaşlarımız da bu işə öz töhfələrini verməyə çalışırlar.