REGİONLAR


Culfa rayonunda müxtəlif idman növlərində fərqlənən məşqçi-müəllim və idmançılar mükafatlandırılıblar

Culfa, 4 fevral, AZƏRTAC

Culfa rayonunda 7 yaşdan 18 yaşadək yeniyetmə və gənclərdən 3 min 597-si idmanla məşğul olur. Onlardan 14-ü sağlamlıq imkanları məhdud şəxslərdir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətində 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı təşkil olunan yığıncaqda danışılıb.

Yığıncaqda çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə bildirib ki, muxtar respublikada idman sahəsi daim diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlb olunması istiqamətində ardıcıl tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, yeni tikilən təhsil müəssisələrində ən müasir standartlara cavab verən idman zalları və açıq idman meydançaları yaradılaraq lazımi idman qurğuları ilə təchiz edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, ötən il noyabrın 1-də Culfa Rayon Mərkəzi Stadionu əsaslı şəkildə təmir olunaraq yenidən gənclərin istifadəsinə verilib.

Qeyd olunub ki, rayonda Uşaq-gənclər Şahmat Məktəbi, mərkəzi futbol meydançası, 10 kənd futbol meydançası, 6 məktəb stadionu var. Culfada muxtar respublikadakı 12 idman federasiyasından 11-nin bölməsi fəaliyyət göstərir. Bu gün mövcud olan idman infrastrukturu rayonda federasiya şöbələrinin fəaliyyəti üçün bütün tələblərə cavab verir. Yaradılmış şərait, bu sahəyə dövlət qayğısı idmanın kütləviliyinə öz təsirini göstərir.

Diqqətə çatdırılıb ki, culfalı idmançılar son illər həm ölkə, həm də beynəlxalq yarışlarda rayonu layiqincə təmsil edirlər.

Qarşıda duran vəzifələrdən də bəhs edən icra hakimiyyəti başçısının müavini vurğulayıb ki, qazanılan uğur və nailiyyətlərə baxmayaraq, istedadlı idmançıların üzə çıxarılması, federasiyalarla birgə iş və digər sahələrdə nöqsanlar qalmaqdadır. Cari ildə federasiyaların rayon bölmələri Culfa Rayon Gənclər və İdman İdarəsi ilə birgə iş qurmalı, müxtəlif yarışlar təşkil olunmalıdır. Rayon Uşaq-Gənclər Şahmat və İdman məktəbləri işlərində dönüş yaratmalı, Təhsil Şöbəsi ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarəti daha da gücləndirməli, məktəblilərin fiziki cəhətdən sağlam böyümələri üçün səylə çalışmalıdır.

Yığıncaqda rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsinin sədri Mehdixan Əliyev və Paralimpiya Federasiyasının rayon bölməsinin sədri Mustafa Cəlilovun çıxışları olub.

Sonda 2018-ci ildə müxtəlif idman növlərində fərqlənən məşqçi-müəllim və idmançılara hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.