REGİONLAR
Culfa rayonunda payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyəti diqqət mərkəzində saxlanılır
Culfa, 15 avqust, AZƏRTAC
Enerji təminatı sahəsində görülən işlərin nəticəsi olaraq cari ilin ötən aylarında Culfa rayonunda 700 metr aşağıgərginlikli yeni elektrik verilişi, 2400 metr yeraltı kabel xətləri çəkilib, 15 min 400 kilometr yüksək və aşağıgərginlikli elektrik verilişi xətləri beton və ağac dayaqlardan istifadə edilməklə yenilənib. 10 yeni transformator yarımstansiyası təmir edilib, 4 qapalı tipli yeni şit quraşdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Culfa Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə rayon icra hakimiyyətinin başçısı Şükür Babayev tərəfindən səsləndirilib.
Şükür Babayev bildirib ki, ötən illərdə olduğu kimi, cari ildə də rayonda bütün sahələrdə müvafiq tədbirlər həyata keçirilir, qış aylarında problemlərin yaranmaması üçün payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyəti diqqət mərkəzində saxlanılır.
“Əhalinin təbii qazla təminatı istiqamətində görülən işlər nəticəsində korroziyaya uğrayan 1869 paqonometr uzunluğunda dəmir boru yenisi ilə əvəzlənib, texniki səbəbdən sıradan çıxmış 39 ədəd qaz sayğacı yeniləri ilə dəyişdirilib, 640 paqonometr qaz xətti çəkilib, qaz sayğaclarına müdaxilənin qarşısının alınması üçün 5409 abonent qutusu quraşdırılıb” – deyən Şükür Babayev vurğulayıb ki, rayonda dayanıqlı rabitənin təmin olunması üçün 41 ədəd rabitə dirəyi və 2420 metr müxtəlif tutumlu kabellərdən istifadə edilməklə yeniləşdirmə işləri aparılıb.
Diqqətə çatdırılıb ki, əhalinin içməli suya olan tələbatının ildən-ilə yaxşılaşması istiqamətində də müəyyən işlər görülür. Bu gün Culfa şəhəri ilə yanaşı, kəndlər də fasiləsiz içməli su ilə təmin edilib. Qış aylarında qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə diqqət daha da artırılmalıdır.
Şükür Babayev qarşıda duran vəzifələrdən danışarkən deyib ki, rayon elektrik şəbəkəsi payız-qış aylarında elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıqların, çatlamış şüşə izolyasiyaların, elektrik dirəklərinin və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsini, transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsini oktyabrın 20-dək başa çatdırmalıdır.
Qaz İstismar İdarəsi qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, qaz xətlərindəki və qazpaylayıcı qurğulardakı mövcud nasazlıqların aradan qaldırılması, qaz keçidlərinə nəzarət olunması və xətlərin korroziyadan qorunması üçün tədbirlər görməlidir.
Rayon icra hakimiyyətinin başçısı qışa hazırlıqla bağlı digər zəruri tədbirlərin də vaxtında görülməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib.