REGİONLAR
Culfa rayonunda qadınlara toxuculuq təlimi keçirilib
Culfa, 30 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı çərçivəsində toxuculuq peşəsinin öyrənilməsinə həsr olunmuş təlim keçirilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə 13-ü aztəminatlı ailənin üzvü, 9-u isə sağlamlıq imkanları məhdud qadın olmaqla, 22 nəfər iştirak edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov bildirib ki, muxtar respublikada qadınlara hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və icrası ilə əlaqədar müvafiq işlərin görülməsi də qadınların məşğulluğunun artırılmasına öz töhfəsini verir. Həmçinin qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də sosial layihələr həyata keçirilir.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev tədbirin mahiyyətindən bəhs edib, bundan sonra da belə təlimlərin davamlı olacağını diqqətə çatdırıb.
Milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimizin hər zaman qadınlara dəstək göstərdiyini bildirən istedadlı toxucu Gülsüm Kəngərli qeyd edib ki, ölkəmizdə ta qədimdən toxuculuq sənətinin təşəkkül tapması ilə xovlu və xovsuz palaz, kilim, cecim, şəddə, vərni, zili, sumax və digər nümunələr meydana gəlib. Onların hər birinin məişətdə öz təyinatı, yeri olub.
Gülsüm Kəngərli əyani vəsaitlərdən istifadə etməklə təlim iştirakçılarına toxuculuğun sirlərini öyrədib.
Qeyd edək ki, muxtar respublikada əhalinin, xüsusən də fiziki qüsurlu qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili diqqətdə saxlanılır. Culfa rayonunda keçirilən təlimin məqsədi də toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların toxuculuğa marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına dəstək göstərilməsidir.