REGİONLAR
Culfa rayonunda taxıl biçini davam edir
Culfa, 2 iyul, AZƏRTAC
Culfa rayonunun taxılçıları builki mövsümdə 8 min hektara yaxın sahədə taxıl yetişdirib. Bunun 6 min 216 hektarını buğda, 1349 hektarını isə arpa təşkil edir. Hazırda rayon ərazisində taxıl biçini sürətlə davam edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, taxıl biçininin mütəşəkkil aparılması üçün zəmilərə 27 kombayn çıxarılıb. İndiyə kimi rayonda 3 min 560 hektar sahədə taxıl biçini həyata keçirilib.
Taxıl zəmilərində muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupu da xidmət aparır.
İstehsal olunan məhsulun qəbul məntəqələrinə təhvili də mütəşəkkil olaraq həyata keçirilir. Taxılçılar məhsulu Naxçıvan şəhərindəki “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə və rayondakı taxıl məhsulları emalı müəssisəsinə təhvil verə bilirlər.