REGİONLAR
Culfa və Ordubad gəncləri Şahbuzda ekskursiyada olublar
Şahbuz, 7 oktyabr, AZƏRTAC
Muxtar respublika gənclərinin “Naxçıvanı tanıyaq” devizi altında muzeylərə, tarixi abidələrə ekskursiyası davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti ekskursiya Şahbuz rayonuna təşkil olunub. Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun təşkilatçılığı ilə reallaşan ekskursiyada gənclər rayonun Tarix-Diyarşünaslıq Muzeyinə səfər ediblər. Bildirilib ki, muzeyin yeni binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə bu il avqustun 27-də istifadəyə verilib.
Nursu kəndində yerləşən Xalq şairi Məmməd Arazın ev-muzeyində olan gənclər burada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də həyat və yaradıcılığından bəhs edən kitablarla, şəkilləri ilə tanış olublar.
Daha sonra gənclər Ağbulaq İstirahət Mərkəzində olub, kanat vasitəsi ilə Şahbuzun təbiət gözəlliklərini seyr ediblər. İstirahət mərkəzində gənclər üçün nahar və çay süfrəsi təşkil olunub.
Gənclər Şahbuz Dövlət Təbiət Qoruğunun muzeyini, Batabat Astrofizika Rəsədxanasını da ziyarət ediblər.