REGİONLAR
Culfada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Culfa, 27 noyabr, AZƏRTAC
Culfada keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında rayonun 23 yaşayış məntəqəsindən 30-a yaxın ailə təsərrüfatı iştirak edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festival iştirakçılarına təsərrüfatlar tərəfindən 128 adda qablaşdırılmış kənd təsərrüfatı məhsulları təqdim olunub.
Ərəfsə, Ləkətağ, Milax, Qazançı, Boyəhməd və digər kəndlərdən festivala gətirilən pendir, cəviz, kişmiş, sirkə, üzüm yarpağı, çaxır, hind toyuğu əti, qatıq, eləcə də müxtəlif növ mürəbbə və şirniyyatlar, turşular, dərman bitkiləri alıcıların böyük marağına səbəb olub.
Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” instrumental ansamblının ifasında səslənən bir-birindən gözəl musiqi nömrələri iştirakçılarda şən əhval-ruhiyyə yaradıb.
Həmsöhbət olduğumuz ailə təsərrüfatı sahibləri Arif Nuriyev, Fariz Orucov, Azad Kazımov, Vəli Nəcəfov, İbrahim Sadiqov və digərləri qeyd etdilər ki, həyata keçirilən kompleks tədbirlər, göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində istehsal etdikləri məhsulların sayı hər ötən il daha da artır. Culfa şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı da həmin məhsulların satışı üçün əlverişli imkanlar açır.