REGİONLAR
Culfada yanğın qatarının fəaliyyəti ilə bağlı keçirilən əməli məşğələ uğurla başa çatıb
Naxçıvan, 15 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyətinin 11 saylı Culfa yanğın qatarı ilə “Dəmir yоlu оbyеktlərində baş vеrə biləcək yanğınların söndürülməsi zamanı yanğın qatarının fəaliyyəti” mövzusunda əməli məşğələ keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç təlim yerində davam edən məşğələ zamanı Culfa yanğın qatarının şəxsi heyətindən dəmir yolu obyektlərində yanğınların qarşısının alınması və söndürülməsi üzrə vəzifələr soruşulub, yanğın-xilasetmə hazırlığı üzrə normativlər qəbul edilib.
Daha sonra Culfa dəmir yolu stansiyasında yük qatarında şərti baş vermiş yanğının söndürülməsi üçün Culfa yanğın qatarı həyəcan siqnalı ilə qaldırılaraq yanğın yerinə göndərilib. Bu təlim yerində əsas diqqət yanğının söndürülməsi üsullarının şəxsi heyətə öyrədilməsi, onların praktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin yanğının söndürülməsi və təxliyə işlərinə cəlb olunan digər qüvvələrlə uzlaşmış fəaliyyətin təşkilinə yönəldilib. Yanğınsöndürənlərin cəld, çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğının qarşısı vaxtında alınıb və söndürülməsi təmin olunub.
Əməli məşğələyə 11 saylı Culfa yanğın qatarının 17 nəfər şəxsi heyəti, və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin rəhbərliyi iştirak edib.
Məşğələ uğurla başa çatıb, qarşıya qoyulmuş vəzifələr təhlükəsizlik qaydaları pozulmadan icra olunub. Təlimdən sonrakı çıxışında Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov qeyd edib ki, muxtar respublikanın potensial təhlükəli obyektlərində bu cür təlimlərin keçirilməsi davam etdiriləcək.