REGİONLAR


Culfanın tarixi abidələrindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvan, 18 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidovun həmmüəllifliyi ilə “Qədim Culfa” adlı yeni kitab işıq üzü görüb.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Əsərdə vurğulanır ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən abidələrin öyrənilməsinə XIX əsrdən başlanılıb, lakin Azərbaycan müstəqillik qazandıqdan sonra araşdırmalar daha da genişləndirilib, bəzi abidələrdə uğurlu tədqiqat işləri aparılıb. Müəlliflərin fikrincə, Culfanın qədim tarixi və abidələri tariximizin açılmamış səhifələrinin öyrənilməsi üçün dəyərli mənbələrdir.

Kitabda Culfa bölgəsində yerləşən arxeoloji, tarixi və memarlıq abidələrində son illərdə aparılan tədqiqatların nəticələri öz əksini tapıb. Əsər giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Kitabın əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” və 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncamlarının mətnləri verilib, Naxçıvanın bu qədim guşəsinə, burada mövcud olan tarixi abidələrə göstərilən diqqət və qayğıdan bəhs olunub.

“Culfa rayonunun arxeoloji cəhətdən öyrənilməsi tarixindən” fəslində XX əsrdən başlayaraq burada aparılan arxeoloji tədqiqatlar və onların nəticələri haqqında məlumat verilib, tarixi faktların aşkarlanmasında mühüm xidmətləri olmuş arxeoloqların fəaliyyəti diqqətə çatdırılıb. Əsərdə Culfa ərazisində yerləşən qədim yaşayış yerləri, qəbir abidələri, qalalar, türbələr, pirlər, körpü, karvansara və başqa tikililər haqqında məlumatlar vardır. Burada mövcud olan daimi və mövsümi yaşayış yerlərindən bəhs edən müəlliflər Nəhəcir, Xornu, Ağsal, Berdi, Zoğala, Dəmirli, Çola, Kolasu, Qazançı, İlandağ, Üçtəpə, Boyəhməd və digər qədim yaşayış yerləri haqqında ətraflı məlumat verib, adıçəkilən abidələrin yerləşmə yeri, strukturu, ərazidə aparılan arxeoloji araşdırmaların nəticələrini ifadə ediblər.

Kitabda, həmçinin əcdadlarımızın qədim inanclarının təzahürü olan qəbir abidələri - daş qutu tipli qəbirlər, kurqanlar, məzarüstü daşlar, qoç heykəllər haqqında məlumat verilib, nekropolların aid olduğu tarixlər müəyyənləşdirilib. Eyni zamanda, Culfa rayonu ərazisində mövcud olan qədim və orta əsrlər dövrünə aid qalalara diqqət çəkilərək onların tarixindən, memarlıq xüsusiyyətlərindən və quruluşundan bəhs olunub.

Culfada mövcud olan qədim yurd adları və köç yolları haqqında əhatəli məlumatların yer aldığı əsərdə mədəni əlaqələr mövzusuna da toxunulub, rayondakı abidələrin Azərbaycan və Cənubi Qafqaz tarixindəki əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, ərsəyə gəlməsində Azərbaycan, türk, rus, ingilis və fransız dillərində olan 176 mənbədən istifadə olunan əsər tarixçilər, arxeoloqlar, müxtəlif elm adamları və tələbələr üçün nəzərdə tutulub.

Oxucularda adıçəkilən abidələr haqqında vizual təsəvvür formalaşdırmaq məqsədilə abidələrin planını, quruluşunu, eləcə də qazıntılar zamanı aşkar olunan bəzi maddi mədəniyyət nümunələrinin qrafik təsvirlərini, keramika xüsusiyyətlərini, bəzi memarlıq abidələrinin bərpadan öncəki və sonrakı vəziyyətini göstərən fotoşəkillər də təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.