DÜNYA


Culian Assanj Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ qazanıb

London, 25 yanvar, AZƏRTAC

“WikiLeaks” saytının qurucusu Culian Assanj ABŞ-a ekstradisiyasının qarşısını almaq üçün Böyük Britaniya Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ qazanıb.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda ölkənin ən yüksək məhkəməsi olan Apellyasiya Məhkəməsinin Assanjın etirazlarına baxa biləcəyinə qərar verilib. Qərar o deməkdir ki, Assanj Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ qazanır və ekstradisiya prosesi hələlik dayandırılır.

Bununla belə, Apellyasiya Məhkəməsinin Assanjın şikayətinə baxacağına isə zəmanət yoxdur.

Qeyd edək ki, Ali Məhkəmə ötən ilin dekabrında Assanjın ABŞ-a ekstradisiya oluna biləcəyi barədə qərar çıxarmışdı.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti ona qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.