DÜNYA
Culian Assanj Ekvador vətəndaşlığından məhrum olunub
Bakı, 28 iyul, AZƏRTAC
“WikiLeaks” saytının qurucusu, avstraliyalı Culian Assanj Ekvador vətəndaşlığından məhrum edilib.
AZƏRTAC Avstraliyanın ABC yayım korporasiyasına istinadla xəbər verir ki, bu barədə məhkəmə qərarı iyulun 26-da çıxarılıb. Ekvador Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Culian Assanjın 2018-ci ilin yanvarında aldığı vətəndaşlığa bazar ertəsi günü məhkəmənin qərarı ilə xitam verilib. Məhkəmə müstəqil fəaliyyət göstərib və əvvəlki hökumət tərəfindən qəbul olunmuş qərara mövcud hüquqi prosedura əsasən baxıb.
Əlli yaşlı avstraliyalının vəkili Karlos Povedanın sözlərinə görə, məhkəmə prosesi zamanı Assanjın hüquqları pozulub və o, dinləmələrdə iştirak etmək imkanından məhrum olunub.
Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı irəli sürdüyü seksual cinayətdə iştirak ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və haker fəaliyyəti ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb.
Əgər Assanj ABŞ-a ekstradisiya olunarsa, onu 175 il həbs cəzası gözləyir.