İQTİSADİYYAT


Cümhuriyyət dövründə gömrük xidmətinin yaradılması siyasi və iqtisadi müstəqilliyi möhkəmləndirməyə xidmət edirdi

Cümhuriyyətinin ərazisini qanunsuz ticarətdən qorumaq məqsədilə 99 post yaradılmışdı

Bakı, 10 noyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan gömrüyünün tarixi qədim, inkişaf yolu zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də gömrüklə bağlı işlərə xüsusi diqqət verilib. Cümhuriyyət hökuməti olduqca ağır daxili və beynəlxalq şəraitdə müstəqil gömrük xidməti yaratdı. Lakin bolşevik işğalı nəticəsində müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumatlar və materiallar əsasında hazırlanan bu yazıda Cümhuriyyət dövrünün gömrük xidməti ilə bağlı maraqlı məqamlara toxunulub.

Gömrük xidmətinin yaradılması haqqında qərar: Azərbaycan Xalq Cümhuriyyəti dövründə gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən qərar 1918-ci il avqustun 10-da hökumət tərəfindən qəbul edildi. Qərara əsasən, ilk vaxtlar ən çox ehtiyac duyulan yerlərdə və zəruri sayda işçilər götürülməklə, gömrükxanalar yaradılırdı, müvafiq təşkilati strukturlar formalaşdırılırdı.

1918-ci il dekabrın 17-də isə parlamentdə gömrüklə bağlı qərar qəbul edilib. Gömrük məntəqələrində ciddi yoxlamalar aparılıb, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarının yaradılması zəruri hesab olunub.

Bakı Gömrükxanası: Bakı Gömrükxanası dövlətin ticarət maraqlarını qoruyan, yüklərin daşınmasına nəzarət edən və gömrük rüsumlarını toplayan hökumət müəssisəsi idi. Bakı şəhərində gömrükxana hələ Rusiya imperiyası Senatının 1807-ci il 25 yanvar tarixli qanunu əsasında 1809-cu ildə yaradıldı. O zaman Bakı gömrüyü Həştərxan Gömrük Dairəsinin tərkibinə daxil edildi. Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ilin fevralında Bakı Gömrükxanasının bazasında Bakıda hakimiyyəti ələ keçirən Fəhlə və Əsgər Deputatları Sovetinin müvafiq komissarlığı yaradıldı, həmin ilin martında isə komissarlıq yenidən Bakı Gömrükxanasına çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin mayında Bakı Gömrükxanası kollegiyadan, əməliyyat-texniki şöbəsindən və sahil mühafizəsindən ibarət idi. Cümhuriyyət hökumətinin apardığı islahatlarla əlaqədar Bakı Gömrükxanası 1918-ci ilin avqustunda Ticarət və Sənaye Nazirliyinin gömrük idarəsinə, 1918-ci ilin dekabrında isə Maliyyə Nazirliyinin gömrük idarəsinə tabe edilib. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti isə 1919-cu il iyulun 29-da Maliyyə Nazirliyinin gömrük idarəsinin ləğvi, əvəzində nazirliyin dəftərxanası nəzdində gömrük rüsumları şöbəsinin yaradılması haqqında qanun qəbul edib.

Bakı Gömrükxanası İran və Avropa dövlətləri ilə bağlanmış ticarət müqavilələrinin yerinə yetirilməsində öz səlahiyyətləri daxilində fəaliyyət göstərir, malların qəbulu, yoxlanılması, onlara gömrük rüsumunun qoyulması, qaçaqmalçılıqla mübarizə, Bakı dəniz limanında olan bütün gəmilərin uçotu və qeydə alınması ilə məşğul idi. Həmin dövrdə Bakı Gömrükxanası gəmi nəzarəti (kabotaj ticarətinə və xarici ticarətə nəzarət), pakqauz komandası (malların qəbulu, saxlanması, çeşidlənməsi və qaçaqmalın tutulması), mühasibat (pul və əmtəə kassası) və dəftərxanadan (ümumi kargüzarlıq, məhkəmə işləri, müsadirə işləri, inzibati hissə) ibarət idi.

Gömrük Xidməti Dəstələri: Gömrük Xidməti Dəstələri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qanunsuz ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə yaradılmış sərhəd mühafizə və yoxlayıcı qurumlar idi. Cümhuriyyət hökumətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində, Poylu dəmiryol stansiyasında dövlət sərhədini qaçaqmalçılıqla ərzaq keçirilməsindən qorumaq məqsədilə gömrük postları yaradıldı.

Parlamentin 1919-cu il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qanunsuz ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 post mövcud idi və bunlarda 992 gözətçi var idı. Bu gözətçilər gömrük baxımından etibarlı sayılan yerli sakinlərdən təşkil edilir, onlar silah, at, xüsusi geyim forması ilə təchiz olunurdular. Bütün sərhəd xidmətinin təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini gömrük idarəsi ilə əlaqələndirmək məqsədilə mərkəzi orqan kimi Maliyyə Nazirliyinə tabe olan sərhəd mühafizəsi şöbəsi təşkil olunurdu. Qanunla sərhəd dəstələrinin ştat cədvəli və smetası da müəyyənləşdirilirdi. Yaradılacaq sərhəd mühafizə xidməti gömrük ilə sıx təmasda işləməli və dövlətin maraqlarını təmin etməli idi.

1919-cu ilin mayında Zaqatala mahalının Qabaqçöl və Mazımçay kəndlərində də gömrük postları vardı. Həmin il iyulun 10-da isə Azərbaycan parlamenti Ağstafa gömrükxanasından keçən nəqliyyat vasitələrini və sərnişinləri yoxlamaq məqsədilə Qazax qəzasının Poylu dəmiryol stansiyasında və Çaxmaqlı kəndində ön gömrük postlarının yaradılması haqqında qanunlar qəbul etdi.

1919-cu il sentyabrın 29-da Cümhuriyyət hökuməti Qızılağac gömrük postunun fəaliyyətinin bərpası barədə qərar qəbul etdi. Parlamentin və hökumətin qanun və qərarlarına əsasən, sərhəd mühafizə və yoxlanış məntəqələrinin sayı artırılmaqda idi.

Azərbaycan-Gürcüstan müqavilələri: 1918-ci il dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında müqavilə bağlandı. Azərbaycan tərəfindən Behbud xan Cavanşirin, Gürcüstandan isə bu ölkənin Azərbaycan hökuməti yanındakı diplomatik nümayəndəsi Nikolay Kartsivadzenin imzaladıqları həmin müqaviləyə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verdilər. Azərbaycan tərəfi Gürcüstan əhalisinin və dəmir yollarının ehtiyaclarını ödəmək üçün il ərzində 1 milyon pud ağ neft, mazut və sürtkü yağı göndərməyi, Gürcüstan isə Azərbaycan dəmir yollarının ehtiyacını ödəmək üçün zəruri materiallar və daş kömür göndərməyi öhdəsinə götürdü.

1920-ci il fevralın 5-də Bakıda Azərbaycanla Gürcüstan arasında tranzit yüklər haqqında müqavilə imzalandı. Müqaviləyə görə, tərəflər hər iki ölkə arasında tranzit yüklərin dəmir yolu ilə 1 il müddətində azad, yəni heç bir gömrük rüsumu ödəmədən daşınmasını təmin etməyi öhdələrinə götürdülər. Azərbaycan hökuməti 1 il ərzində Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacını ödəmək üçün ixrac ediləcək neft və neft məhsullarının 16 milyon puda qədər həcmindən gömrük rüsumu tutulmamasına icazə verdi. Gürcüstan hökuməti də Azərbaycandan aldığı neft və neft məhsullarını öz ərazisindən kənara göndərməməyi öhdəsinə götürdü, həmçinin Azərbaycan dəmir yolunun ehtiyacı üçün lazım olan texniki avadanlığın, daş kömür və meşə materialının gömrük rüsumu ödənmədən daşınmasına razılıq verdi.

Azərbaycan-İran müqavilələri arasında Ticarət-gömrük konvensiyası. Bu konvensiya 17 maddədən ibarət idi. Müqaviləyə hər iki ölkə təbəələrinin digər ölkə ərazisində ticarətlə, istehsalla və nəzərdə tutulan başqa fəaliyyətlə məşğul olması, bu fəaliyyətin tənzimlənməsi, tranzit və digər məsələlər ətraflı şəkildə əhatə olunurdu. Ticarətlə bağlı məsələlər 9 maddədən ibarət xüsusi ticarət konvensiyasında əksini tapdı. Azərbaycanla İran arasında 1 maddədən ibarət gizli müqavilədə isə il ərzində ərzaq mallarına ixrac rüsumunun artırılması nəzərdə tutulurdu. Gömrük müqaviləsi 11 maddədən ibarət idi. Hər iki tərəf yeni tarifin qüvvəyə minməsini gözləməklə, İran və Rusiya arasında 1901-ci il 27 oktyabr tarixli gömrük bəyannaməsini, sonrakı leqal dəyişikliklərlə birlikdə, bu müqavilənin əsası kimi qəbul edir və gömrüklə bağlı digər məsələlər üzrə razılığa gəlirdi.

Milli maraqların təmin edilməsi: Gömrük sistemi ölkənin maliyyə təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırdı. Ölkəyə saxta pul əsginaslarının daxil olmasının qarşısının alınması üçün tədbirlər görülürdü.

Azərbaycanın milli-mədəni sərvətlərinin xaricə aparılmasının da qarşısı alınırdı. Qədim incəsənət və zinət əşyalarına qoyulan yüksək gömrük rüsumu onların ölkədən çıxarılmasına faktiki imkan vermirdi. Məsələn, hökumətin 1920-ci il 19 yanvar tarixli qərarı ilə ölkədən çıxarılan müxtəlif növ xalçalara onların orta dəyərinin 25 faizi həcmində ixrac rüsumu tətbiq edilirdi.

Azərbaycan hökuməti müxtəlif təzahürlü xarici təzyiq və təsirlərə baxmayaraq gömrük sistemi sahəsində milli maraqların təmin edilməsi üçün əlindən gələni edirdi. Xüsusən ingilis komandanlığının Azərbaycan hökuməti ilə razılaşmadan, heç bir rüsum ödəmədən ölkədən külli miqdarda mal aparması hökumətin ciddi narazılığına səbəb olurdu. Məhz buna görə də Azərbaycan hökuməti ingilis hərbi komandanlığının nümayəndəsi general Brefə məktub göndərərək, Britaniyanın hakimiyyət orqanları tərəfindən ixrac edilmiş malların aksiz və ixrac rüsumlarından azad edilməsi haqqında Britaniya hərbi qərargahının nümayəndəsi ilə Azərbaycan hökuməti arasında heç bir yazılı razılaşmanın olmadığını və müvafiq həcmdə məbləğin Azərbaycan hökumətinə ödənilməsini tələb etdi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm dövlət strukturlarından olan gömrük xidmətinin yaradılması və inkişafı göstərir ki, Cümhuriyyət rəhbərliyi siyasi və iqtisadi müstəqilliyi hər vəchlə möhkəmləndirmək xəttini yürüdürdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.