ELM VƏ TƏHSİL
Cümhuriyyət dövründə milli rəssamlıq sənətinin inkişafına xüsusi diqqət göstərilib
Bakı, 24 may, P.İmanova, AZƏRTAC
Mayın 24-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov AXC-nin fəaliyyətindən, qısa vaxtda gördüyü böyük işlərdən danışıb.
Bildirilib ki, Cümhuriyyət dövründə milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilib. AXC dövründə memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilib, Bakı Politexnik Məktəbinin nəzdində heykəltəraşlıq sinfi açılıb. Rektor qeyd edib ki, AXC-nin varisi olan müstəqil Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir, müasir memarlıq nümunələri ilə paytaxtımız gündən-günə gözəlləşir, ölkəmizin dünyada nüfuzu artır.
Tədbirdə “Xalq Cümhuriyyətinin demokratik ənənələri”, “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”, “Hürriyyətimizin inciləri”, “Təsviri sənətdə Cümhuriyyət” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-nin qurucularının həyat və fəaliyyətindən, bu dövrdə mədəniyyət, incəsənət sahəsində görülən işlərdən söz açılıb, Azərbaycan rəssamlarının əsərlərində Cümhuriyyət ənənələri diqqətə çatdırılıb. Qeyd edilib ki, 1919-cu ildə nəşr olunan “Zənbur” jurnalında Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunub. Müasir müstəqil dövrdə isə təsviri sənətin bütün sahələrində fəaliyyət göstərən sənətkarlar AXC-nin tarixi şəxsiyyətlərinin obrazlarını canlandırıblar. Azərbaycan rəngkarlığında bir çox rəssamlar Cümhuriyyət dövrünün generallarının, siyasi xadimlərinin obrazlarını yaradıblar. Bunlardan O.Sadıqzadənin, T.Ağababayevin, E.Məmmədovun, B.Yusibovun, A.Məmmədovun, C.Həmzəyevin və digər rəssamların əsərləri xüsusilə seçilir.
Tədbirdə AXC-nin fəaliyyətindən bəhs edən videoçarx göstərilib.
Konfrans çərçivəsində ADRA-nın Muzey-Sərgi Kompleksində tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi açılıb. Sərgidə görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın zəngin təbiətini, tarixi abidələrini, dünəni və bu gününü tərənnüm edən sənət nümunələri yer alıb.
Yüzdən çox əsərin nümayiş olunduğu sərgi iyunun 1-dək davam edəcək.