CƏMİYYƏT
Cümhuriyyətin 100 illiyi münasibətilə FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində tədbir keçirilib VİDEO
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Qaradağ rayonundakı “N” saylı hərbi hissəsində tədbir keçirilib. FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Aviasiya Dəstəsinin əməkdaşları iştirak ediblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə hərbi hissənin şəxsi heyətinə təbriklərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə nəzər salan M.İsmayılov qeyd edib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyət milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamız məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin təhsil məsələləri sektorunun baş məsləhətçi, tarix üzrə fəlsəfə doktoru Rüfət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verib. O, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıb.
Tədbir konsert proqramı ilə davam edib.
Sonda FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.