ELM VƏ TƏHSİL


Cümhuriyyətin milli dil siyasəti

Cümhuriyyətin milli dil siyasəti

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli iz buraxıb. Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi önəm verilib.

AZƏRTAC bu məsələlərlə bağlı AXC hökumətinin bir sıra tarixi qərar və tədbirlərinə nəzər salır.

Həmin dövrdə bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi. Hökumət türk (Azərbaycan) dilini dövlət dili kimi qəbul edərək, ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini öyrənənə qədər hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə verdi. Azərbaycan Xalq Cümhuriyyətinin rus dilinin istifadəsinə icazə verməsi müvəqqəti tədbir olaraq yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu. Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu.

Bu sənədlə yanaşı, AXC hökuməti 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında”, 1919-cu il fevralın 11-də isə Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərarlar qəbul etdi. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradıldı.

AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi diqqət yetirilib. İclasda çıxış edənlərin əksəriyyəti ölkənin bu ilk ali məktəbində tədrisin hansı dildə aparılması məsələsinə böyük əhəmiyyət veriblər. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir.

Cümhuriyyətin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olundu.

Beləliklə, 1918-1920-ci illər dövrünü Azərbaycan dilinin funksional inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafının və dərinləşməsinin təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.