İQTİSADİYYAT
“Cybernet” şirkəti “BakuTel” sərgisində “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq görülüb
Bakı, 9 dekabr, AZƏRTAC
“Synergy Group”a daxil olan “Cybernet” şirkətinin stendi “BakuTel” sərgisinin təşkilatçıları tərəfindən “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq görülüb.
“Cybernet”dən AZƏRTAC-a bildiriblər ki, sərgidə iştirak edən bəzi dövlət və özəl şirkətlərin təmsilçiləri ilə gələcəkdə tərəfdaşlıq sazişi üzrə bir sıra razılaşmalar əldə olunub.
Onillik fəaliyyət təcrübəsi olan “Cybernet” şirkəti sərgidə ziyarətçilərə dövlət və özəl qurumların elektronlaşdırılması, elektron həllərin (sənəd dövriyyəsi), irihəcmli məlumat mərkəzlərinin (data center) və təhlil sistemlərinin yaradılması, yanacaqdoldurma məntəqələrinin avtomatlaşdırılması və s. kimi həllər təqdim edib.
Üç il əvvəl “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları xidmətləri və həlləri tətbiq edib.