İQTİSADİYYAT


D230 blokunun ətraf mühitə mümkün təsirinə dair ictimaiyyətlə görüş keçiriləcək

Bakı, 27 fevral, AZƏRTAC

D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədinin (ƏMSSTQ) layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, bütün maraqlı tərəflər bu görüşdə iştiraka dəvət edilir. Görüş martın 5-i saat 10:00-12:00-dək “Holiday Inn” mehmanxanasında keçiriləcək.

Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2018-ci ildə imzalanıb. ƏMSSTQ sənədinin layihə variantında kontrakt sahəsində aparılması planlaşdırılan üçölçülü seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir. Seysmik tədqiqatın 100–800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik tədqiqat proqramının ümumi məqsədi Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Fevralın 1-dən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib: BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi - Neftçilər prospekti 153; M.F.Axundov adına Milli Kitabxana - Xaqani küçəsi 29; Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası - Hüseyn Cavid küçəsi 31; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası - Azadlıq prospekti 20; Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Bəhram Ağayev küçəsi 100a; Bakı Kitab Mərkəzi - Üzeyir Hacıbəyov küçəsi 5; Qoqol küçəsi 2; “Libraf” Kitab Mağazası - Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku); Bakı Ali Neft Məktəbinin kitabxanası - Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.