İQTİSADİYYAT
”DƏDƏ QORQUD" QAZMA QURĞUSU İLƏ 24 QUYU QAZILACAQDIR
bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsinin “Faza-3" layihəsi çərçivəsində sualtı suvurma obyektlərinin mühəndis-layihə və tədarük işləri artıq başa çatdırılmışdır. Bu obyektlər vasitəsilə ”Dərinsulu Günəşli" platformasından təxminən 5 kilometr aralıda quraşdırılacaq iki sualtı qazma mərkəzindən qazılacaq 6 sualtı quyu vasitəsilə yatağın məhsuldar layına gün ərzində 400 min barreldən artıq su vurulacaqdır. Sualtı avadanlıqların hamısı xaricdən gətirilmişdir.
“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismara verilməsini nəzərdə tutan “Faza-3" layihəsinin öncə qazma proqramı səkkiz quyudan ibarətdir. Onlardan 7-si hasilat, biri isə platformadan qazma əməliyyatlarında istifadə ediləcək texniki quyudur. Gələcəkdə burada ”Dədə Qorqud" qazma qurğusu ilə 16 ədəd sualtı suvurma quyusu qazılacaqdır.
”Faza-3" layihəsinin uğurla başa çatdırılması 2008-ci ilin ikinci rübündən başlayaraq ildə 50 milyon ton neft hasilatına imkan yaradacaqdır.