DÜNYA


DAĞISTANDA TERROR AKTI

Dağıstanın xüsusi xidmət idarələrindəki mənbə İTAR-TASS-ın müxbirinə demişdir ki, mayın 9-da Kaspiysk şəhərində törədilmiş terror aktı, ola bilsin, səhra komandiri Rapani Xəlilovun əlaltıları tərəfindən təşkil edilib həyata keçirilmişdir. 

Əslən dağıstanlı olan Xəlilov dini ekstremizmin qatı tərəfdarıdır, 1999-cu ilin avqust-sentyabrında quldur dəstələri Çeçenistandan Dağıstana soxularkən yaraqlılara başçılıq etmişdir. Operativ məlumata görə, bir neçə təxribat-terror qrupu məhz onun göstərişi ilə Dağıstana yeridilmişdi. Bu qruplar son iki ildə respublikanın ərazisində 10-dan çox terror törətmiş, o cümlədən Mahaçqalada hərbçilərin maşınını partlatmışlar, bunun nəticəsində daxili qoşunların 7 əsgəri həlak olmuşdur.

Kaspiyskdə bomba partladılması nəticəsində 150 adam zərər çəkmiş, 39 adam ölmüşdür. 130-dan artıq adam hələ də xəstəxanalardadır. Onlardan dördünün vəziyyəti lap pisdir. Həkimlərin dediyinə görə, 20 nəfər çox ağır haldadır.

Mayın 9-da Kaspiyskdə bayram nümayişi keçirilərkən partlayıcı qurğu işə düşmüşdür. Zərərçəkənlərin böyük əksəriyyəti 72-ci dəniz piyada briqadasının hərbçiləri və şəhər məktəblərinin şagirdləridir. Onlar Böyük Vətən müharibəsində həlak olanların abidəsi önünə qoymaq üçün əklillər aparırdılar.

X X X

Kaspiysk şəhərində terror aktının törədilməsində şübhəli bilinən bir neçə adam tutulmuşdur. Bunu Mahaçqalada Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Nikolay Patruşev açıqlamışdır.

Onun dediyinə görə, bu şəxslərin tutulması bu çox qəddar cinayətin bilavasitə təşkilatçısını tapmağa imkan yaradır. FTX-nin direktoru istintaqın maraqları naminə həmin şəxslər barəsində məlumat verməmişdir.

Dağıstan Respublikasının Rusiya Prezidenti yanında daimi nümayəndəsi Ramazan Məmmədov hesab edir ki, terror aktlarına görə cəzanı sərtləşdirmək lazımdır. O vurğulamışdır ki, qüvvədə olan cinayət qanunvericiliyində nəzərdə tutulan 5-10 ilədək cəza müddəti açıq-aşkar azdır.

Məmmədov qəti əmin olduğunu bildirmişdir ki, Kaspiyskdəki terror aktının üstü açılacaq və cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Ramazan Məmmədov “Exo Moskvı” radiostansiyasının birbaşa efirində çıxış edərək, əmin olduğunu söyləmişdir ki, Kaspiyskdə törədilmiş terror əməli, ola bilsin, beynəlxalq terror təşkilatlarının Dağıstan ərazisində yaşayan tərəfdarlarının işidir. O, indi cinayətkarların Çeçenistanda və ya Rusiyanın hər hansı digər subyektinin ərazisində gizləndiklərini istisna etməmişdir.

Məmmədov demişdir ki, Kaspiyskdəki partlayış radikal cərəyanın - vəhhabiliyin tərəfdarlarını cəmiyyətin dəstəyindən qəti şəkildə məhrum edəcəkdir. Əgər əvvəllər onlar Dağıstanda təxminən 2 min nəfər idisə, indi 600-dan çox deyildir.

X X X

Volqoqradda Sülh elçiləri şəhərləri beynəlxalq assosiasiyası bürosunun iclası bir dəqiqəlik sükutla başlanmışdır. Avstriya, Böyük Britaniya, Sloveniya, Yaponiya, ABŞ, İtaliya və Rusiya nümayəndələri Kaspiyskdə terrorçuların qətlə yetirdikləri insanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı vermişlər.

BMT-nin bu qeyri-hökumət məşvərətçi təşkilatının (onun tərkibinə müxtəlif ölkələrin 83 şəhəri daxildir) büro iclasının iştirakçıları bütün dövlətlərə müraciət qəbul etmişlər.

Müraciətdə deyilir: “1930-cu illərdə faşizm dünya üçün necə real təhlükə idisə, bu gün terrorizm də bu cür təhlükədir. Heç kim amansız terror aktlarına biganə qalmamalıdır. Əslində, bu aktlar əmin-amanlıq şəraitində yaşamağa çalışanların hamısına meydan oxumaq deməkdir”.

Sülh elçiləri şəhərləri beynəlxalq assosiasiyasının prezidenti, Cenevrənin meri Andre Ediger demişdir: “Biz əminik ki, ancaq birləşmiş millətlərin gücü, həmrəyliyi, habelə hər yerdə terrorun hər hansı təzahürünə görə cəzanın labüdlüyü mühiti yaradılması terroristlərə qarşı cavab silahı ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.