SİYASƏT


DAĞISTAN AZƏRBAYCANLILARI ONLARA DAİMİ QAYĞIYA GÖRƏ AZƏRBAYCAN PREZİDENTİNƏ MİNNƏTDARDIRLAR

Bu sözləri Dağıstan Respublikası Dərbənd rayon icra hakimiyyətinin başçısı, Dağıstan Dövlət Şurasının üzvü Qurban Qurbanov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir.

O bildirdi ki, Dağıstan azərbaycanlılarının geniş tərkibli nümayəndə heyətinin dünya azərbaycanlılarının I qurultayında iştirakının onlar üçün böyük əhəmiyyəti olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bu qurultayda Dağıstanı Rusiya Federasiyasından müstəqil nümayəndə heyəti təmsil etmişdir. Bundan əlavə, Azərbaycan prezidenti dövlət səviyyəsində, demək olar, bütün görüşlərdə Rusiyada yaşayan azərbaycanlıların problemlərinə xüsusi diqqət yetirir.

Qurban Qurbanov vurğuladı ki, Dağıstanla Azərbaycanın yaxınlaşmasında qarşıya çıxan hər hansı problemlərin aradan qaldırılmasında Rusiya və Azərbaycan prezidentlərinin böyük xidməti var. Dahi insan və dünya miqyaslı lider olan Heydər Əliyevin və vaxtilə Dağıstana uzun müddət rəhbərlik etmiş görkəmli dövlət xadimi Əziz Əliyevin yüksək nüfuzu bu respublikadakı gənc azərbaycanlı siyasətçilərə yol açır. Respublikanın ali hakimiyyət orqanının – milli əlamət üzrə yaradılmış Dövlət Şurasının 14 üzvündən biri azərbaycanlıdır. Qanunvericilik orqanında _ Xalq Məclisində beş soydaşımız var. Respublika hökuməti sədrinin müavinləri, Parlament palatalarının, hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların rəhbərləri arasında da soydaşlarımız var.

Dərbənd rayon icra hakimityyətinin başçısı Dağıstan azərbaycanlılarının ağsaqqalı Səid Qurbanovun Dağıstanda Azərbaycan mədəniyyətinin inkişafında və soydaşlarımızın birliyinin qorunub saxlanmasında xidmətini xüsusi vurğuladı. Onun sayəsində bu respublikadakı azərbaycanlıların mövqeləri möhkəmlənmişdir. Hər il onlarca dağıstanlı soydaşımız imtahansız və dövlət tərəfindən tam təmin olunmaqla Azərbaycanın ali məktəblərinə qəbul edilir. Burada bütün istiqamətlərdə mütəxəssislər – Azərbaycan dili müəllimləri, iqtisadçılar, mədəniyyət və hüquq-mühafizə işçiləri hazırlanır. Dərbənddə Azərbaycan ali məktəblərinin iki filialı fəaliyyət göstərir, Təhsil Nazirliyi isə Dağıstanın orta məktəbləri üçün hər il pulsuz olaraq Azərbaycan dili dərslikləri ayırır. Dağıstanda Azərbaycan dilində radio verilişləri yayımlanır, Dərbənd rayonunun bütün məktəblərində Azərbaycan dili tədris edilir.

Qurban Qurbanov söhbətin sonunda dedi: “Çox hörmətli Heydər Əliyev Dağıstan azərbaycanlıları üçün hamılıqla qəbul edilən lider və ağsaqqaldır. Əminik ki, onun müdrik siyasəti və Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovla qardaşlıq münasibətləri Azərbaycan və 150 mindən artıq soydaşımızın yaşadığı Dağıstan arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Dərbənd – Bakı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.