SİYASƏT


DAĞLIQ QARABAĞA AZƏRBAYCANIN TƏRKİBİNDƏ YÜKSƏK MUXTARİYYƏT VERİLMƏSİ AŞPA-NIN AVROPADA YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN PLENAR SESSİYASINDA MƏRUZƏÇİLƏR TƏRƏFİNDƏN ALQIŞLANMIŞDIR

Mayın 20-22-də AŞPA-nın Avropada Yerli və Regional Hakimiyyətlər Konqresinin onuncu plenar sessiyası keçirilmişdir. Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizin nümayəndə heyətinin iştirak etdiyi həmin sessiyada, ”Azərbaycanda yerli və regional demokratiya” adlı məruzə dinlənilmişdir. Həmin məruzə bu beynəlxalq təşkilata Alan Lioyd, Jan-Klod Frekon və Qreqori Grzelak tərəfindən təqdim olunmuşdur. Bu məruzə Azərbaycanda həyata keçirilmiş monitorinq səfərləri əsasında hazırlanmışdır. 

Məruzənin “Azərbaycanın iqtisadi inkişafa və demokratiyaya sadiqliyi ” adlı bölməsində Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğal olunması, təcavüzün davam etməsi faktları sadalanmış, çoxlu sayda məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığından narahatlıq ifadə olunmuşdur. Eyni zamanda, məruzədə Azərbaycanın tarixi, iqtisadi siyasəti, siyasi təsisatlarının inkişafı, yerli və regional demokratiya institutlarının rolu barədə məlumat verilir, Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti kontekstində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərə və mövcud aktual problemlərə xüsusi diqqət yetirilir. Regional idarəetmənin tətbiq olunmasının qarşısını alan əsas amil kimi Azərbaycan torpaqlarının 20 faizinin hazırda işğal altında olduğu göstərilir, ölkəmizin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi məqsədilə Minsk qrupu daxilində səylər göstərilməsinin əhəmiyyəti vurğulanır. Məhz bu təklifin ATƏT-in Lissabon zirvə toplantısında, Ermənistan istisna olmaqla, bütün dövlətlər tərəfindən qəbul olunduğu bildirilir. Eyni zamanda, Azərbaycan tərəfinin Dağlıq Qarabağa respublikamızın daxilində yüksək muxtariyyət statusu vermək niyyəti məruzəçilər tərəfindən alqışlanır. Məruzənin sonunda yerli özünüidarəetmə prinsiplərinin həyata keçməsi məqsədilə Azərbaycan tərəfinə tövsiyələr verilir.

Azərbaycan nümayəndə heyətinin üzvləri məruzənin təqdimatından sonra çıxış edərək, ölkəmizdə yerli və regional əməkdaşlığın inkişafına dair fikirlərini bölüşmüş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün mənfi təsirlərindən söz açmış və məruzənin əhəmiyyətini vurğulamışlar. Sessiyada çıxış edən İtaliya nümalyəndəsi Azərbaycanda yerli və regional demokratiya sahəsində irəliləyiş olduğunu etiraf etmiş, Konqres tərəfindən Azərbaycanın yerli və regional hakimiyyətlərinə yardımın davam etdirilməsi və dəstək verilməsinin zəruri olduğunu bildirmişdir.

Prosedura uyğun olaraq, Konqres Azərbaycan hökümətinin ünvanına tövsiyə və qətnamə qəbul etmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.