SİYASƏT
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR
Qonağı səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, Azərbaycan hökuməti prezident seçkilərinin tam demokratik və şəffaf keçirilməsi üçün lazımi tədbirlər görmüşdür. Avropa standartlarına cavab verən Seçki Məcəlləsi qəbul olunmuşdur. Bu seçkilərin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Milli Məclisin sədri demişdir ki, bu prosesi minə yaxın beynəlxalq və 42 min yerli müşahidəçi izləyəcəkdir.
Azərbaycan-Türkiyə əlaqələrinə toxunan parlamentin sədri bildirmişdir ki, qardaş ölkə ilə münasibətlərin inkişafı bizim üçün xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın üzləşdiyi ən ağrılı problemin - Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunu yüksək qiymətləndirən Murtuz Ələsgərov QİƏT PM-nin də məsələyə ciddi yanaşmasının vacibliyini qeyd etmişdir.
Ölkəmizə seçkiləri müşahidə etmək üçün gəldiyini bildirən Salih Kapusuz bu siyasi kampaniyanın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. İndi bütün beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycana yönəlib. İnanıram ki, seçki tam demokratik və şəffaf keçiriləcəkdir. Salih Kapusuz demişdir ki, Türkiyə Azərbaycanın problemlərini dərk edir və Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.