İQTİSADİYYAT
DANX: Xarici ölkələrə beynəlxalq daşımalarda yaratdığımız liberallıq daşıyıcılarımıza çətinlik yaradır
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici ölkələrə beynəlxalq daşımalarda yaratdığı liberallıq daşıyıcılarımıza çətinlik yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, beynəlxalq daşımaların həyata keçirilməsi üçün ölkələr arasında yükdaşımalarla bağlı Qarşılıqlı Komissiyalar mövcuddur. Yükdaşımaların həyata keçirilməsi zamanı kvota əsasında “icazə blankları” verilir. Qaydaya əsasən bir tərəf daşınmaların həyata keçirilməsi üçün hansı sayda “icazə blankı” verirsə, qarşı tərəf də həmən sayda “icazə blankı” verir.
N.Allahyarova qeyd edib ki, xarici ölkələrin daşıyıcıları “icazə blankı” ilə bağlı kvota bitdikdə Azərbaycanın sərhəd-keçid məntəqələrində kvota üçün ödənilən vəsaitdən cüzi miqdarda çox rüsum ödəməklə daşımaları icra edə bilir: “Lakin bu qanun digər ölkələrdə olmadığı üçün biz daşımalar həyata keçirə bilmirik. Əlavə kvota üçün müraciət etdikdə xarici ölkələr Azərbaycanda yaradılan liberal şərait barədə məlumatlı olduqları üçün kvota verməkdən imtina edirlər. Nəticədə kvota bitdikdə belə xarici ölkələrin daşıyıcıları Azərbaycanda daşımalar həyata keçirdiyi halda, bizim daşıyıcılar çətinliklərlə üzləşir və daşımalar həyata keçirə bilmir”, - deyə DANX nümayəndəsi vurğulayıb.