İQTİSADİYYAT
DƏRİN SU QUYULARI QAZMAQ ÜÇÜN YENİ QURĞULAR HAZIRLANIR
“Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin “AzİNMAŞ” Elmi Tədqiqat İnstitutunun əməkdaşları dərin su quyuları qazmaq üçün yeni qazma qurğusunun layihəsi üzərində çalışırlar. Onlar bu layihəni tezliklə istehsalata təhvil vermək niyyətindədirlər.
Səhmdar Cəmiyyətin texniki inkişaf şöbəsinin rəisi, professor Fikrət Əmirbəyov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda içməli su və onun keyfiyyəti dünya miqyasında ən vacib problemlərdən biridir. Artıq 40-60 metr dərinliyində artezian quyuları qazmaq və onların hesabına davamlı su təminatına bel bağlamaq iqtisadi baxımdan sərfəli deyildir. Yeni qurğu isə 800 metr dərinliyində su quyusu qazmağa imkan verəcəkdir.