Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DƏRMAN VASİTƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 14 APREL TARİXLİ 794-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli 794-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 94, № 11, maddə 1111; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 81 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.1. 2.1-ci bənddə “6.8-ci maddəsində” sözləri “6.8-ci və 6.9-cu maddələrində” sözləri ilə, “9.3-cü və 9.5-ci maddələrində” sözləri “9.3-cü maddəsində, 9.5-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin;

2.2. 2.2-ci bənddə “6.5.4-cü” sözlərindən sonra “, 6.5.8-ci” sözləri, “10.2-ci” sözlərindən əvvəl “9.5-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

2.3. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Fərmana aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. həmin Qanunun 4.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin