SİYASƏT
DAŞKƏNDDƏ ANMA MƏRASİMLƏRİ KEÇİRİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzinin qarşısına da yüzlərlə soydaşımız yığışmışdı. Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov ulu öndərimizin abidəsi önünə əklillər və tər çiçək dəstələri qoymuşlar.
Səfir Aydın Əzimbəyov qeyd etmişdir ki, dünya şöhrətli siyasi lider, xalqımızın müdrik oğlu Heydər Əliyevin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Onun xalq və Vətən qarşısındakı xidmətləri danılmazdır və Azərbaycanın suverenliyinin qorunub saxlanması üçün biz məhz bu müdrik insana minnətdar olmalıyıq.
Assosiasiyanın sədri Akif Ağatalıbov, soydaşlarımızdan Həmid Hüseynov, Vasif Vəliyev və başqaları Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışlar.
Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı keçmiş səfiri Jan Perren AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- 1992-ci ildə mən Naxçıvana, Heydər Əliyevin görüşünə getdim. Naxçıvanda işıq yox idi. Soyuq otaqda Heydər Əliyevin nə qədər əziyyətə qatlaşıb işlədiyini gördüm. Onda bildim ki, Heydər Əliyev Azərbaycan üçün qəlbən nə qədər yanır. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra beş il onunla işləmək mənə nəsib oldu. Sonra biz dostlaşdıq və qardaş olduq.
Daşkəndə gəzməyə gəlsəm də səfirliyə və “Azərbaycan evi”nə baş çəkib Heydər Əliyevin xatirəsini yad etməyi özümə borc bildim.