SİYASƏT
DAŞKƏNDDƏ AZƏRBAYCAN MƏSCİDİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Daşkənddə soydaşlarımızın yığcam yaşadıqları Tezikovka yaşayış sahəsində Azərbaycan məscidinin açılışı münasibətilə mərasim keçirilmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov mərasimdə çıxış edərək demişdir: çox şadam ki, biz müqəddəs Ramazan ayında məscidin qapılarını soydaşlarımızın üzünə açdıq. Məscid həmvətənlərimizin vəsaiti hesabına tikilmişdir. Fərrux Şirinov, Həmid Hüseynov, Ələm Məhərrəmov, Kamil Kərimov və bir çox başqalarının yardımı olmasaydı bu gözəl binanın tikintisini başa çatdıra bilməzdik.
Sonra səfir buraya toplaşanları iftara dəvət etmişdir.
Məscidin mollası Asif Hüseynov dua oxumuş, məscidin tikintisinə yardım edənlərə və inşaatçılara minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, Tezikovka yaşayış sahəsində 10-12 min azərbaycanlı yaşayır və bir ay əvvəl burada Azərbaycan məktəbinin də açılışı olmuşdur.