SİYASƏT
DAŞKƏNDDƏ NARKOTİKLƏ BAĞLI SEMİNAR BAŞA ÇATMIŞDIR
Daşkəndə Özbəkistan hökumətinin himayəsi ilə ATƏT-in keçirdiyi “Narkotiklərin qanunsuz ticarətinin milli və beynəlxalq iqtisadi nəticələri” mövzusunda beynəlxalq seminar başa çatmışdır. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, seminarda ATƏT-in üzvü olan 55 ölkənin 120-yə yaxın ekspert və mütəxəssisi iştirak etmişdir. Azərbaycanı bu tədbirdə Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini Şövqi Hadıyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Seminar iştirakçıları öz çıxışlarında narkotik maddələrin qanunsuz dövriyyəsinin səbəbləri, narkobiznesin maliyyələşdirilməsi, narkotik maddələrin ticarəti ilə məşğul olan cinayətkar qruplar arasındakı əlaqə və bu maddələrin daşınma marşrutlarından söhbət açmışlar.
Şövqi Hadıyev seminardakı çıxışında bildirmişdir ki, Azərbaycanda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiyaya əlaqədar nazirlik və baş idarələrin rəhbərləri cəlb edilmişlər. Azərbaycanda bu məsələ ilə bağlı qanun qəbul edilmiş, milli Proqram təsdiq olunmuşdur. İndi Azərbaycan öz ərazilərinin 20 faizinə nəzarət edə bilmir. Bu ərazilər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilərdən narkotiklərin tranziti üçün istifadə olunur və belə halların qarşısı qısa müddətdə alınmalıdır.
Seminarda Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov iştirak etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd