İQTİSADİYYAT
DAŞKƏNDDƏ REGİONAL İQTİSADİ ƏMƏKDAŞLIĞA DAİR KONFRANS İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri Daşkənddən xəbər verir ki, noyabrın 11-də burada regional əməkdaşlığa dair beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransda Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq proqramının üzvü olan yeddi dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Çin, Monqolustan, Tacikistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edirlər.
Görüşdə regional əməkdaşlığın inkişafı ilə bağlı məsələlər, o cümlədən nəqliyyat infrastrukturunun, energetika sisteminin və ticarətin, gömrük əməkdaşlığının inkişafı, genişmiqyası inteqrasiyadan ötrü şərait yaradılması, region ölkələrində iqtisadi yüksəlişin təmin edilməsi məsələləri müzakirə olunur.
Konfransda iri kredit-maliyyə qurumlarının – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankının nümayəndələri də iştirak edirlər.