DAVOS FORUMUNDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ GÖRÜŞ
AzerTAg.az
Yanvarın 29-da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun təşkilat komitəsi tərəfindən Azərbaycanın iqtisadiyyatına, enerji bölməsinə, regional tərəfdaşlarına, beynəlxalq iqtisadi üstünlük verilən sahələrinə və dünyanın enerjiyə tələbatının ödənilməsində Azərbaycanın oynayacağı rola həsr edilmiş görüş oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev burada Kembric Enerji Tədqiqatları Assosiasiyasının direktoru, ABŞ-ın Corctaun Universitetinin professoru Teyn Qustavson, Belçikanın “Beta internəşnl” Metallurgiya və Kimya Şirkətinin, Səudiyyə Ərəbistanının “Əl-Dabbaq” Şirkətlər Qrupunun, Fransanın “Elf Atigen” Neft Şirkətinin, ABŞ-ın “Roy Haffikton” Neft-Qaz Şirkətinin və dünyanın bir çox digər şirkətlərinin rəhbərləri ilə görüşdü və onların qarşısında çıxış etdi.
Kembirc Enerji Tədqiqatları Assosiasiyasının direktoru professor Teyn Qustavson Azərbaycanın dünya biznes dairələrinin və maliyyə korporasiyalarının diqqət mərkəzində duran ən mühüm mərkəzlərdən biri olduğunu qeyd edərək, Azərbaycan həyatının, iqtisadiyyatının, xüsusilə enerji bölməsinin, ölkəmizə xarici təsirlərin onların daimi tədqiqat mövzuları olduğunu vurğuladı. O, Azərbaycana həsr edilmiş və direktoru olduğu assosiasiya tərəfindən hazırlanmış xəritələri, diaqramları və layihələri respublika Prezidentinə təqdim etdi.
Səudiyyə Ərəbistanının “Əl-Dabbaq” Şirkətlər Qrupunun prezidenti Amr Dabbaq söz alaraq dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin keçən il onun ölkəsinə səfəri zamanı biznes dairələri və iş adamları qarşısında etdiyi çıxış çox mühüm əhəmiyyət kəsb etmiş və Azərbaycana böyük maraq doğurmuşdur. O, hotellər, maşınqayırma sənayesi, elektrik məmulatı, məişət cihazları istehsalı və s. sahədə ixtisaslaşan şirkətlər qrupunun prezidenti kimi Azərbaycana gəlmək və bu qardaş ölkəyə sərmayə qoymaq niyyətində olduğunu bildirdi.
ABŞ-ın Avstriyadakı keçmiş səfiri, Texas ştatında fəaliyyət göstərən “Roy Haffikton” Neft və Qaz Şirkətinin prezidenti cənab Haffikton da Azərbaycana gəlmək və neft-qaz yataqlarının bigə işlənilməsində iştirak etmək istədiyini söylədi.
Çıxış edən bir çox digər şirkətlərin rəhbərləri Azərbaycanla bağlı onları maraqlandıran suallarla, ölkəmizə investisiya qoymaq barədə təkliflərlə Azərbaycan Prezidentinə müraciət etdilər.
Görüşün sonunda geniş və məzmunlu çıxış edən Prezident Heydər Əliyev ölkəmizdəki cari iqtisadi-siyasi vəziyyət, Ermənistanla Azərbaycan arasında müharibə və onun iqtisadiyyatımıza mənfi təsiri, respublikamızın zəngin təbii sərvətlərə malik olması, Azərbaycana sərmayə qoyuluşu üçün geniş imkanların mövcudluğu barədə ətraflı məlumat verdi. Dövlət başçısı Azərbaycanın enerji bölməsinə olan xüsusi marağı nəzərə alaraq, 1994-cü il sentyabrın 20-də respublika Dövlət Neft Şirkəti ilə dünyanın iri neft şirkətlərinin yaratdığı konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və Günəşli” yataqlarının bigə istismarı barədə bağlanmış və “Əsrin müqaviləsi” adlanan müqavilə, ondan irəli gələn öhdəliklər barədə danışdı, neft kəmərinin marşrutu, çəkilməsi və maliyyələşdirilməsinə dair bir neçə alternativ variantın olduğunu və bu layihələrdən yalnız xalqımızın və ölkəmizin mənafeyinə uyğun gələn və iqtisadi cəhətdən səmərəli olanının seçilməsinə Azərbaycanın üstünlük verdiyini söylədi.
Azərbaycan Prezidenti Heydər Əliyev görüş iştirakçılarının hamısını ölkəmizə dəvət etdi, onların Azərbaycanda sərmayə qoymaları üçün hər cür əsas olduğunu və buna təminat veriləcəyini bildirdi.
Xəbərin mətnində orfoqrafik səhv var