DAVOS FORUMUNDA DÜNYANIN ENERJİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ SESSİYA
AzerTAg.az
Yanvarın 30-da Davos forumunda dünyanın enerji problemlərinə həsr olunmuş sessiya keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev rəyasət heyətində əyləşmişdilər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sessiyada çıxış etdi. Dövlət başçısı Azərbaycan neftinin tarixindən və dünya miqyasında nüfuzundan söhbət açaraq, ölkəmizdə yanacaq hasilatının indi də yüksək səviyyədə olmasından danışdı. Heydər Əliyev öz çıxışında 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə bağlanmış müqavilədən geniş söhbət açdı. O dedi ki, əsrin əvvəllərində də bir çox xarici şirkətlər Azərbaycanda neft çıxarılmasında yaxından iştirak etmişlər. Respublika Prezidenti “Əsrin müqaviləsi”nin böyük əhəmiyyətindən danışaraq, konsorsiumda xarici ölkələrin on böyük şirkətinin iştirak etməsini yüksək qiymətləndirdi. O neft kəməri marşrutunun müəyyənləşdirilməsi məsələsindən danışarkən dedi ki, dünyanın bir çox iri şirkətlərinin, maliyyə korporasiyalarının və banklarının bu kəmərin tikintisində və maliyyələşdirilməsində iştirak etmək barədə təklifləri vardır. Lakin biz Azərbaycan xalqının, müstəqil dövlətimizin mənafelərini ən dolğun nəzərə alan təklifləri qəbul edəcəyik.
Azərbaycan Prezidentinin çıxışı böyük diqqətlə dinlənildi və maraqla qarşılandı.
Xəbərin mətnində orfoqrafik səhv var