SİYASƏT


DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

Aprelin 10-da Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. 

Gündəliyə Azərbaycan Prezidenti Heydər Əliyevin ötən il Polis gününə həsr olunmuş təntənəli mərasimdəki nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi baxımından daxili işlər orqanlarında kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin peşə hazırlığının, nizam-intizam, təlim-tərbiyə, təhsil və tədris işinin təşkili, vətədaşlarla ünsiyyətdə davranış qaydalarına riayət olunması və ölkə vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti məsələləri daxil idi.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclası açaraq xüsusilə vurğuladı ki, Prezident Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdışından sonra ölkə həyatının bütün sahələrində islahatlar aparılmış, demokratik prinsiplər, qanunun aliliyi bərqərar olunmuş, bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilmişdir. Ölkəmizdə daxili sabitlik yaradılmışdır, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanında sonuncu yerlərdən birini tutur.

Nazir bildirdi ki, cinayətkarlıqla mübarizədə uğurların qazanılmasında, vətəndaşların təhlükəsizliyinin, əmin-amanlığın yüksək səviyyədə qorunması sahəsində daxili işlər orqanlarında ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilmiş islahatların, xüsusən də kadrların düzgün seçilib yerləşdirilməsinin, şəxsi heyətin peşəkarlığının, anda və xidməti borca sədaqətinin yüksəldilməsinin, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinin böyük rolu var. Natiq bu baxımdan nazirliyin kadr və digər əlaqədar xidmətlərinin böyük təşkilati-praktik işini xüsusi vurğulamışdır.

R.Usubov daha sonra dedi ki, qarşıdakı prezident seçkiləri nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının, xüsusən də səsvermə hüququna malik gənclərin şəxsiyyət vəsiqələri ilə vaxtında təmin edilməsi ən mühüm vəzifələrdən hesab olunmalıdır.

Daxili işlər naziri uğurlarla yanaşı, nöqsan və çatışmazlıqlara yol verildiyini də bildirdi, onları doğuran səbəblərin aradan qaldırılması üçün konkret tapşırıqlar verdi.

Gündəlikdə birinci məsələ ilə əlaqədar daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun məruzəsi dinlənildi. O bildirdi ki, Azərbaycan polisinin peşə bayramına həsr olunmuş təntənəli mərasimdə Prezident Heydər Əliyevin proqram xarakterli nitqində daxili işlər orqanları qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi məqsədi ilə nazirlikdə xüsusi proqram hazırlanmış və yerlərə göndərilərək icrası nəzarətə götürülmüşdür. Kadr və şəxsi heyətlə iş sahələrinə dair məsələlərin həlli üçün ayrıca tədbirlər planı tərtib edilmiş, dövlətimizin başçısının nitqi peşə hazırlığı dərslərində dərindən öyrənilmişdir.

DİN-in müvafiq əmrlərinə uyğun olaraq, əməkdaşların xidməti təcrübə toplamasının və kadrların seçilib yerləşdirilməsinin daim nəzarətdə saxlanıldığını bildirən nazir müavini vurğuladı ki, təkcə cari ilin üç ayında vəzifələrə təyinatla bağlı 1463 təqdimata baxılmış, onlardan 1287-si müsbət həll olunmuşdur. Yüksək peşəkarlığı, mənəvi keyfiyyətləri və təşkilatçılıq bacarığı ilə seçilən 115 əməkdaş orqan rəisinin müavini və daha yuxarı rəhbər vəzifələrə irəli çəkilmiş, 115 əməkdaş zabit vəzifələrinə təyin edilmişdir. Prezidentin tövsiyələrinə uyğun olaraq, Polis Akademiyasına qəbul planı artırılmış, daxili işlər orqanlarının fəaliyyətinin təşkili üzrə mütəxəssislərin hazırlanması məqsədi ilə eyniadlı fakültə açılmışdır.

Sonra DİN-in Pasport Qeydiyyatı İdarəsinin rəisi, polis-polkovniki Rafiq Babayev ölkə vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyətinə dair məruzə etdi. O bildirdi ki, dövlətçiliyin vacib atributlarından olan şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının beynəlxalq standartlara uyğun sənədləşdirilməsini həyata keçirən struktur xidmət sahələri ən müasir kompüter avadanlığı və digər zəruri texniki vasitələrlə təchiz olunmuşdur. İndiyədək respublika üzrə 512 min 214 vətəndaşa pasport, 675 min 222 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir.

Müzakirələr zamanı Naxçıvan MR-in daxili işlər naziri, polis polkovniki Əhməd Əhmədov, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Asəf Həsənov, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət general-mayoru Murad Hüseynov, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Oqtay Əliyev və başqaları ötən dövrdəki uğurlardan danışdılar, yol verilmiş nöqsan və çatışmazlıqları qısa vaxtda aradan qaldıracaqlarını bildirdilər.

X X X

Kollegiya iclasından sonra respublika daxili işlər orqanlarının cari ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirildi.

DİN-in Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, polis polkovniki Fazil Quliyev məlumat verərək bildirdi ki, ötən illər ərzində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması sahəsində əldə edilən uğurlar hesabat dövründə də qorunub saxlanmışdır. Ümumi cinayətlərin sayı 3,6 faiz, onların ağır və xüsusilə ağır növləri 5,1 faiz, qəsdən adamöldürmə və ölümə sui-qəsdlər 18,9 faiz, quldurluq 18,8 faiz azalmış, cinayət-axtarış xətti ilə qeydə alınmış faktların 93,6 faizinin açılması təmin edilmişdir.

İdarə rəisi dedi ki, ötən ilin müvafiq dövrünə nisbətən axtarışda olanların tutulmasına dair göstəriciləri 3,4 faiz yaxşılaşaraq, 38,3 faiz təşkil etmişdir. Qanunsuz silahların yığılması sahəsində tədbirlər davam etdirilmişdir. Rüb ərzində 927 odlu silah, o cümlədən 90 avtomat, 224 tapança, 4 pulemyot, 14 qumbaraatan, 2 minaatan və sair silah-sursat götürülmüş, nəticədə odlu silahla törədilən cinayətlərin sayı 11,1 faiz azalmışdır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş tədbirlər zamanı cinayətkarlardan 26 kiloqrama yaxın müxtəlif narkotik vasitə götürülmüşdür.

Nazir Ramil Usubov əməliyyat müşavirəsinə yekun vurmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.