SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Avqustun 19-da saat 04.15-də naməlum şəxslər Zaqatala rayon polis şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutmuşlar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçmışlar.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə bu il iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri – İlham Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər törətmişlər.
Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu digər hüquq-mühafizə orqanları ilə birgə belə terrorçuluq aksiyalarının qarşısının alınması və cinayətkar bandanın bütün üzvlərinin tam ifşa olunaraq zərərsizləşdirilməsi üçün intensiv əməliyyat-axtarış tədbirlərini və istintaq hərəkətlərini davam etdirirlər.
Ağır terrorçuluq aktları ilə bağlı Zaqatala rayonuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşları ezam olunmuşlar.