ELM VƏ TƏHSİL
DAXİLİ İŞLƏR ORQANLARINDA İŞLƏMƏK İSTƏYƏNLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, Daxili İşlər Nazirliyinin Kadrlar Baş İdarəsi tərəfindən namizədlərə “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” paylanmışdır.
Sənəd qəbulu 2005–ci il dekabrın 1-dən 30–dək DİN tərəfindən aparılmışdır.
Namizədlər Göyçay, İsmayıllı, Qusar, Lənkəran rayon polis şöbələrində təhqiqatçı, Astara, Biləsuvar, Zərdab, Füzuli, Gədəbəy, Qax, Şəki, Yardımlı rayon polis şöbələrində cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Ağdaş, Ağsu, Astara, Daşkəsən, Gədəbəy, Quba, Lerik, Neftçala, Oğuz, Zaqatala, Şəki, Tovuz, Yardımlı, Zərdab, Qobustan, Biləsuvar, Ucar, Samux, Kürdəmir rayon polis şöbələrində polis sahə müvəkkili, Astara, Mingəçevir, Oğuz, Şəki, Yardımlı, Zaqatala rayon polis şöbələrində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektor, Ağstafa, Astara, Cəlilabad, Quba, Masallı rayon polis şöbələrində baş inspektor–kriminalist xidmətləri üzrə müsabiqədə iştirak etmişlər. Müsabiqə üçün cəmi 50 yer ayrılmışdır.
81 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlər 1976–1984–cü illərdə anadan olmuş və BDU–nu “hüquqşünaslıq” ixtisası ilə bitirmiş gənclərdir.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunmuşdur. Onlardan 80 sual ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə və insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara, 20 sual isə namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən ümumi intellektual səviyyəsinin və dünyagörüşünün qiymətləndirilməsinə imkan verən sahələr üzrə seçilmişdi. Sualların hazırlanmasına DİN-in aidiyyəti xidmətlərinin rəhbərləri, müvafiq sahələrin mütəxəssisləri və alimlər cəlb olunmuşlar. Test üçün sual kitabçaları DİN nümayəndələrinin iştirakı ilə TQDK tərəfindən bunker (qapalı) şəraitində hazırlanmışdır. Avropa standartlarının tələblərinə uyğun olaraq, namizədlər imtahanda tək–tək əyləşdirilmişlər.
Hər düzgün cavab 1 balla qiymətləndirilirdi. Testdə 65 və daha çox bal toplamış 56 namizəd imtahanın 2-ci mərhələsinə buraxılmışdır.
Nəticələr TQDK-nın internet saytında yerləşdirilmişdir. Namizədlər imtahanın nəticələri haqqında məlumat-arayışı TQDK–da əldə edə bilmişlər.
İmtahanın gedişini ABŞ-ın ölkəmizdəki səfirliyinin yeni rezident hüquq müşaviri Kervin Feldis, BMT–nin Azərbaycandakı nümayəndəliyinin hüquq mühafizə orqanları ilə iş bölməsinin rəhbəri Məzahir Əfəndiyev və jurnalistlər müşahidə etmişlər.