SİYASƏT
DAXİLİ QOŞUNLARIN 11-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM
Martın 12-də Daxili İşlər Nazirliyində, Daxili Qoşunların yaradılmasının 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Daxili Qoşunların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev dövlətimizin başçısı Heydər Əliyevin şəxsi heyətə təbriklərini çatdırdı.
İcra Aparatının rəhbəri vurğuladı ki, Daxili Qoşunların formalaşması dövründə ən böyük nailiyyətlər, Prezident Heydər Əliyevin yüksək diqqət və qayğısı nəticəsində əldə edilmişdir. Hazırda Daxili Qoşunların fəaliyyəti üçün lazımi hüquqi baza yaradılmış, o, yüksək döyüş hazırlığına malik, vətənpərvər şəxsi heyətlə komplektləşdirilmiş, müasir texnika və silahlarla təmin olunmuşdur. Daxili qoşunların hərbi qulluqçularının vətənin müdafiəsində və ölkədə sabitliyin qorunmasında göstərdikləri igidlik və qəhrəmanlıq nümunələrindən gənc nəslin tərbiyə olunmasında, onlara vətəndaşlıq və vətənpərvərlik hisslərinin aşılanmasında istifadə edilməsi vacibdir.
Dövlətimizin başçısı Daxili Qoşunların sosial məsələlərin həlli yolunda bütün zəruri tədbirlərin görülməsini daim nəzarətdə saxlayır. Prezidentin 2001-ci il 8 oktyabr tarixli Sərəncamına əsasən, Daxili Qoşunların hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşları artırılaraq, Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşlarına uyğunlaşdırılması bunun bariz nümunəsidir.
Ramiz Mehdiyev öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 yanvar tarixli Sərəncamı ilə Daxili Qoşunların yeni komandanı təyin edilmişdir. Dövlət başçısının bu Sərəncamı şəxsi heyət qarşısında yeni vəzifələr qoyur və onları bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır. Yeni komandanlıq nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin artırılması sahəsində indiyədək görülən işlərlə kifayətlənməməli, bu istiqamətdə fəaliyyətini daha da gücləndirməlidir. İndiki dövrdə hər bir azərbaycanlı, orduda xidmət etməyi özünün ən böyük vətənpərvərlik borcu hesab etməlidir. Hər bir Azərbaycan əsgəri əmin olmalıdır ki, Respublika Prezidentinin ordu quruculuğu sahəsində apardığı siyasətin əsasını Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları təşkil edir. Dövlətimizin başçısı dəfələrlə bildirmişdir ki, əgər biz məqsədimizə sülh yolu ilə nail ola bilməsək, onda hansı yolla olursa olsun, düşmən tapdağı altında qalan ərazilərimizi azad edəcəyik.
Yubiley mərasimində çıxış edən Daxili Qoşunların komandanı polkovnik Zakir Həsənov ölkəmizdə sabitliyin, əmin-amanlığın, vətəndaşların Konstitusiya hüquqlarının qorunmasında Daxili Qoşunların şəxsi heyətinin üzərinə düşən vəzifələrdən danışdı, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin göstərdiyi yüksək etimadı doğrultmaq, qarşısında duran vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Mərasimdə Azərbaycan ziyalıları adından çıxış edən akademik Bəkir Nəbiyev və digər natiqlər Daxili Qoşunların şəxsi heyətini ildönümü münasibətilə təbrik etdilər və xoş arzularını yetirdilər.
Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov müstəqil Azərbaycanda demokratiyanın, insan hüquqları və azadlıqlarının, ölkəmizdə sabitliyin qorunmasında hüquq mühafizə orqanlarının əldə etdiyi uğurlarda Daxili Qoşunların da böyük rolu olduğunu vurğuladı.
Nazir bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, Silahlı Qüvvələrin formalaşması, inkişafı, dünya standartlarına cavab verməsi istiqamətində də böyük işlər görülür. Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesindən Daxili Qoşunlar da kənarda qalmamış, daim diqqət mərkəzində olmuşdur.
R.Usubov xatırlatdı ki, Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında, eləcə də ayrı-ayrı cinayətkar dəstələrin zərərsizləşdirilməsində fəal iştirak edərək, mərdlik, cəsarət və igidlik nümunələri göstərmişdir.
Sonra Daxili Qoşunların hərbi qulluqçularının bir qrupuna vaxtından əvvəl rütbələr və fəxri fərmanlar təqdim olundu.
Təntənəli mərasimin iştirakçıları Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə müraciət qəbul etdilər.
Mərasim incəsənət ustalarının konserti ilə başa çatdı.
Foto Yaşar Xəlilovundur