SİYASƏT


“DƏYİŞİLƏN CƏMİYYƏTDƏ SÜLHÜN QORUNMASINA İNNOVASİYA YANAŞMALARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Avqustun 19-da Həyat Recensi-Naxçıvan” mehmanxanasında “Dönüş mərhələsində qlobal idarəetmə: Dəyişilən cəmiyyətdə sülhün qorunmasına innovasiya yanaşmaları” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və BMT nəzdində fəaliyyət göstərən “Sülh uğrunda Dinlərarası və Millətlərarası Federasiya”nın birgə təşkil etdikləri tədbirin əsas məqsədi Azərbaycanda və dünyada peşəkar və ictimai səviyyələrdə, habelə dini təşkilatlar mühitində sülh mədəniyyətinin inkişafı üçün səmərəli yanaşmaları müzakirə etmək idi.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov seminarı açaraq demişdir ki, sülh həmişə bütün xalqların, irqlərin, dinlərin, mədəniyyətlərin harmoniya, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşamaları üçün ümidverici amil olmuşdur. Respublikamız Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olsa da, regionda baş verən proseslər, xüsusən də Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində ciddi problemlər yaranmışdır. Böyük dövlətlər, beynəlxalq təşkilatlar münaqişə bölgələrində sülhün bərqərar olunması və mədəniyyətlərin inkişafı üçün əlindən gələni etməlidir.

Sonra çıxış edən natiqlər sülh uğrunda mübarizədə dinlər və millətlər arasında əlaqələrin inkişafının vacibliyindən danışmışlar.

Elm və mədəniyyət xadimlərinin, siyasətçilərin, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, bələdiyyələrin, Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri seminar çərçivəsində “Sülh mədəniyyəti və bəşəri inkişaf”, “BMT nəzdndə beynəlxlq dinlərarası şuranın yaradılmasının perspektivləri” komissiyaları fəaliyyət göstərmişdir.

Seminar iştirakçıları bu ilin sentyabr ayında BMT Baş Məclisinin 58-ci sessiyasında müzakirə olunacaq “Sülh mədəniyyəti” mövzusu ilə bağlı qətnamə qəbul etmişlər.

Sonda Azərbaycanın bir sıra ziyalılarına sülh mədəniyyətinin inkişafına töhfələrinə, humanist yaradıcılıqlarına, beynəlxalq sülhyaratma fəaliyyətlərinə görə “Sülh səfiri” diplomları təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.